Əsas Səhifə > Ana xəbər / Güney Press > Partlayışda əri ölən qadın “Azəriqaz”ı məhkəməyə verib təzminat aldı

Partlayışda əri ölən qadın “Azəriqaz”ı məhkəməyə verib təzminat aldı


Bu gün, 07:14

Bakıda evə qaz sızması nəticəsində baş verən partlayışda həyat yoldaşını itirən qadın "Azəriqaz" İB-dən təzminat alıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, Nailə Məmmədova (ad-soyad şərtidir) buna məhkəməyə qaydası ilə nail olub.

Qadın iddia ərizəsində qeyd edib ki, hadisə 2011-ci ildə atası Məmmədov Nurəddinə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı yaşayış massivində, Məmməd Namazov küçəsində yerləşən evdə baş verib. Həmin vaxt atasıgilə qonaq gedən qadın anidən partlayış səsi eşidib.

Nə baş verdiyini soruşanda isə əri “işığı yandıranda hamam partladı" deyib, özündən gedərək yerə yıxılıb. Həyat yoldaşı Natiq Osmanov müalicə almasına baxmayaraq, ağır yanıq xəsarətləri aldığından 11 yanvar 2011-ci il tarixdə səhər saat 07:30 radələrində 5 saylı Şəhər Klinik Xəstəxanda həyatını itirib.

Bu hadisədən sonra həyatlarının alt-üst olduğunu bildirən qadın illər ərzində tək oğlu ilə mənəvi əzablar çəkdiyini bildirib. Buna görə də, Nailə Məmmədova "Azəriqaz"a qarşı 100 000 manat məbləğində təzminat ödənilməsi iddiasını qaldırıb.

Onu da bildirək ki, hadisəyə baxış zamanı müəyyən edilib ki, Nurəddin Məmmədova məxsus olan evin qarşısında həmin evin çirkab sularının axdığı quyunun yaxınlığından keçən və digər abonentlərə gedən diametri 40 mm olan qaz xəttinə vaxtında baxış keçirilmədiyindən boru paslanıb, boru qabıqlaşaraq qaz sızıntısı baş verib, həmin qaz sızıntısı çirkab suların toplanması üçün qazılmış torpağın altındakı quyuya, ordan isə kanalizasiya boruları vasitəsi ilə evin hamam otağına dolub.

Partlayışa səbəb kimi əlaqədar qurumların və onların vəzifəli şəxslərinin öz işlərinə laqeyd, etinasızca yanaşması müəyyən edilib. Hadisənin baş verməsinə görə, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində qanuna müvafiq şəkildə addımlar atılıb, istinaq və məhkəmə orqanları tərəfindən qanuni tədbirlər görülüb.

Xətai Rayon Məhkəməsi 2026-cı ildə qadının iddiasını qismən təmin edib. Məhkəmə orqanı "Azəriqaz"dan dəymiş mənəvi zərərin əvəzi olaraq 11000 manat məbləğində pul vəsaiti tutularaq, Nailə Məmmədovaya ödənilməsinə dair qərar çıxarıb.


Geri qayıt