Əsas Səhifə > Manşet, Hadisə > Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ...

Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ...


Dünən, 10:25
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ...
" “KANQ MEDİA PRODUCTİON” MMC Xəzər Televiziyası və “M Group Production”dan şikayətçidir. Məsələnin mahiyyəti budur ki, 12 yanvar 2021-ci il tarixində onlarla “M Group Production” arasında “Zeynəb” adlı serialın çəkilişinə dair müqavilə imzalanıb..." "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesablnda jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra bildirib: "Şikayətçinin bildirdiyinə görə bundan bir müddət əvvəl eyni müqavilə Xəzər TV ilə bağlanmışdı. Amma sonradan Xəzər TV-nin rəhbər şəxslərindən biri deyib ki, televiziyanın büdcəsində maliyyə vəsaiti az olduğuna görə müqaviləyə xitam verək, eyni məzmunlu sənədi “M Group Production”la imzalayaq.
Bütün şərtlər eyni qalmaq şərtilə. Beləliklə, bir bölümü 2000 AZN olmaqla teleserial sifarişi olunub və “KANQ MEDİA PRODUCTİON” çəkilişlərə başlayıb.
“KANQ MEDİA”dan bildirilir ki, müqavilə “M Group Production”la bağlansa da bütün işgüzar danışıqlar Xəzər TV-nin binasında və Xəzər TV-nin əməkdaşlarıyla aparılırdı.
İlk 17 bölüm təhvil verildikdən sonra Xəzər TV-dən “KANQ MEDİA PRODUCTİON” MMC-nin bank hesabına üç dəfəyə 20.000 manat vəsaiti köçürülüb. İki dəfə 8 min, sonra 4 min manat.
Çəkilişlər davam edib və köçürülən vəsait tam olaraq serialın istehsalının bir hissəsinə xərclənib. İşin davamı üçün qalan vəsaitin köçürülməsinə ehtiyac yarandıqda Xəzər TV-yə müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınıb.
Deyiblər ki, qalan bölümlərin hamısı çəkilib təhvil veriləndən sonra bütün pullar ödəniləcək, hazırda büdcəmizdə o qədər pul yoxdur. Şikayətçinin dediyinə görə onlar işi qurtarmaq üçün kreditə pul götürüb, çəkilişləri, montajı edərək serialın bütün bölümlərini telekanala təhvil verib.
Bankdan götürülmüş pul yalnız nəqliyyata, qidalanmağa, montaja çatıb, lakin aktyorlar, texnika və texniki heyətin ödənişləri hələ də olunmayıb. Bütün bölümləri təhvil verəndən sonra kanalın texniki nəzarət şöbəsi serialın bölümlərin normal olduğunu, yalnız xırda texniki düzəlişlərdən sonra tam efirə yararlı olduğunu bildirib.
Düzəlişlər olunduqdan sonra isə kanal rəhbərliyi artıq serialdan imtina etdiyini, səbəb olaraq isə serialın keyfiyyətsiz çəkildiyini və keyfiyyətsiz formada montaj olunduğunu əsas gətirib. Sual yaranır ki, əgər serial keyfiyyətsiz çəkilib yığılmışdısa, niyə 10 bölümün ödənişini, yəni 20.000 AZN pulu köçürüblər? Üstəlik, 17 bölümü təhvil alıblar. Niiyə “serialı tam şəkildə çəkin gətirin, qalan pulu ödəyək” deyiblər?
“KANQ MEDİA PRODUCTİON”dan Xəzər TV rəhbərliyinə dəfələrlə bildirilib ki, heyətin pulu verilməyib, burada 32 nəfərə yaxın insan əziyyət çəkib, onlar zəhmət haqqını almalıdır. Bu adamlar deyilən pula ümid olaraq aylarla əmək sərf ediblər.
Ancaq bu sözlərin müqabilində onlar pulu ödəməməkləri bir yana, hələ köçürdükləri 20.000 AZN ödənişi də geri istəyiblər. Belə olan halda “KANQ MEDİA PRODUCTİON” MMC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Qarşı tərəf də məhkəməyə ərizə verərək ödədikləri 20 min manatı geri istəyiblər. Məhkəmə şikayəti qismən təmin edərək “M GROUP”un borclu qaldığı məbləğin bir hissəsini ödəməsi barədə qərar verib.
Ancaq M Group Production ( bilavasitə Xəzər TV) qərardan Apelyasiya şikayəti verir və qərara Bakı Apelyasiya Məhkəməsində yenidən baxılır, Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanılır. Ardınca “M Group Production” Ali Məhkəmə şikayət verir.
Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işə natamam baxıldığını və serialın keyfiyyətinin xüsusi ekspertlər tərəfindən yoxlanılmasına qərar verir. Bakı Apelyasiya Məhkəməsində işə yenidən baxılır.
Serialın keyfiyyətinin yoxlanılması üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan Kino Agentliyindən və Azərbaycan Kinomatoqrafçılar İttifaqından müvafiq ekspertlər təyin edilir.
Hər iki ekspert serialın tam keyfiyyətlə çəkildiyini və aradan qaldırılması mümkün olan çox az və xırda qüsurların olduğu haqqında rəy verirlər. Verilən rəylərə əsasən Bakı Apelyasita məhkəməsi növbəti dəfə “M Group Production”un apelyasiya şikayətini ləğv edərək Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxladı.
Beləliklə, “KANQ PRODUCTİON” ardıcıl olaraq üç məhkəmə prosesində “M GROUP PRODUCTİON” və ya Xəzər TV-yə qalib gəlib. Lakin “M Group Production” növbəti dəfə qərardan Ali Məhkəməyə şikayət verib. “KANQ MEDİA PRODUCTİON” MMC-dən deyirlər ki, onlar yenə də qanunun aliliyinə və məhkəmənin ədalətinə güvənirlər. Ancaq artıq 4 ildir ki, məhkəmələri gəzməkdən beziblər.
“KANQ MEDİA PRODUCTİON”un direktoru deyir: “media vasitəsilə Xəzər TV və M Group Productiondan haqqımız olan pulu istəyirəm. Onların sonuncu şikayəti artıq dövlət qurumu olan Azərbaycan Kino Agentliyinin qərarını heçə saymaqdır. Bu da elə Dövlət qurumuna qarşı çıxmaq deməkdir. Onsuz da məhkəmə qərarı bizə borclu olduqları məbləğin hamısını təmin etməyib, heç olmasa təyin olunan məbləği bizə qaytarın. İnsanların haqqını kəsməyin”.
"Zeynəb" serialı 36 bölümdən ibarətdir və bütün bölümləri çəkilib, tam hazırdır. “M Group Production” isə 36 bölümdən yalnız 10 bölümünün pulunu ödəyib.
Sonda oxuculara xatırlatmaq istəyirəm ki, sözügedən “M GROUP PRODUCTİON” və Xəzər TV- nin rəhbəri, şoumen, teleaparıcı, prodüser, aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, Azərbaycan Respublikasının xalq artisti Murad Dadaşovdur.
Murad bəy yəqin bu qalmaqaldan xəbərsiz deyil. Məhkəmə çəkişməsi yekunlaşmadığına görə geniş şərh vermirəm. Dövlətimiz var, qanunları, hüquq-mühafizə orqanları var. Lazım olan qərarı verəcəklər. Bir tək onu demək istəyirəm ki, insaf dinin yarısıdır. 32 nəfər aylarla əziyyət çəkərək ortaya məhsul qoyublar ki, evlərinə çörək pulu aparsınlar. Bu adamların haqqına girmək olmaz..."

Geri qayıt