Əsas Səhifə > Manşet / Cəmiyyət > Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi!

Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi!


Bu gün, 12:46

"Azərbaycan səhiyyəsində son zamanların ən diqqətçəkən hadisələrindən biri Səhiyyə Nazirliyinin saxta və ya qanunsuz sertifikatlarla fəaliyyət göstərən plastik cərrahlarla bağlı apardığı araşdırma oldu. Əldə olunan nəticələr cəmiyyətin etibarına zərbə vuran bir həqiqəti üzə çıxardı: ölkədə 250-dən çox müvafiq təhsili və ixtisası olmayan şəxs estetik və plastik cərrahiyyə ilə məşğul olurmuş. Bu, həm hüquqi, həm də etik baxımdan ciddi bir problem idi və Nazirliyin bu istiqamətdə atdığı addım – sertifikatların ləğvi – təqdirəlayiqdir". "DİA-AZ" xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında tanınmış telejurnalist Qənirə Ataş yazıb.
O daha sonra əlavə edib: "Lakin… Məsələnin bir başqa və olduqca incə, lakin mühüm tərəfi var. Sertifikatları ləğv edilənlərin içində yalnız saxta yollarla bu sahəyə daxil olanlar yox, eyni zamanda 2011-ci ilə qədər təhsilini bitirmiş, internaturanı tamamlamış və rezidentura sistemi mövcud olmayan bir dövrdə illərlə estetik-plastik (rekanustruktiv edənlər çox az olub)cərrahiyyə sahəsində fəaliyyət göstərmiş, yüzlərlə, minlərlə əməliyyata imza atmış, bu sahədə cəmiyyətin ehtiyacını qarşılamış, özünü daima təkmilləşdirmiş peşəkarlar da var.
Bəziləri bu sənətə 15, bəziləri isə 20 ildən çox həyatını həsr edib. Onlar dövrün imkanları çərçivəsində yetişiblər – nəinki səhv ediblər, əksinə, boşluğu doldurublar. Azərbaycan səhiyyəsinin hələ tam strukturlaşmadığı dövrlərdə, ixtisaslaşma sisteminin oturuşmadığı zamanlarda bu insanlar millətin ehtiyac duyduğu sahədə fəaliyyət göstəriblər. İxtisaslarını isə dövlətin buyurduğu ixtisas dəyişmə ilə əldə ediblər. Onlar ölkınin tibb təhsil sistemindəki boşluğu faktiki əməliyyat bacarıqları ilə doldurublar.
Bu gün onların sertifikatlarının ləğv olunması təkcə hüquqi yox, həm də mənəvi suallar doğurur.
Susqunluq sual doğurur
Səhiyyə Nazirliyindən gözlənilən rəsmi mövqe hələ ki, gəlməyib. Nazirlik yeni bir konsepsiya hazırlayırmı? Bu insanların taleyinə dair hansı planlar var? Nə üçün bu qədər mühüm qərarın ardınca ictimaiyyət məlumatlandırılmır?Əgər bir dövlət qurumu genişmiqyaslı islahat həyata keçirirsə, onun ən vacib mərhələlərindən biri də şəffaflıq və kommunikasiya olmalıdır. İctimaiyyətin, xüsusən də bu sahədə çalışan və həyatını tibbə həsr etmiş insanların bilməyə haqqı var: onların gələcəyi necə müəyyən olunacaq?
Həll yolları varmı? Əlbəttə.
Sertifikatı ləğv edilən bu həkimlər üçün xüsusi proqramlar, sürətləndirilmiş rezidentura modulları, xarici təcrübə kursları və ya yenidən ixtisaslaşdırma layihələri təqdim oluna bilər.Onların bilik və bacarıqlarını tamamilə silmək yerinə, bu təcrübəni düzgün çərçivəyə salmaq daha ədalətli və məqsədəuyğun olardı. Bu, yalnız plastik cərrahiyyə məsələsi deyil. Əgər bu gün plastik cərrahiyyədə 2011-dən əvvəlki dövrdə fəaliyyətə başlamış həkimlərin fəaliyyəti qanunsuz sayılırsa, bu, bir siqnaldır. Sabah eyni aqibət ginekologiya, urologiya, endokrinologiya və kardiyologiyada da yaşana bilər. Axı bu sahələrdə də uzun illər əvvəl, rezidentura gəlməmişdən öncə, ümumi cərrahiyyədən keçidlə fəaliyyət göstərən yüzlərlə peşəkar var. Onların da sertifikatı ləğv edilərsə, ölkənin peşəkar həkim resursu böyük zərbə alar. Yox, onların sənədi qorunarsa bu zaman digərlırinə haqsızlıq edilmiş olar.
Son olaraq
Səhiyyə Nazirliyinin bu prosesi davam etdirməsi vacibdir. Amma bu prosesi təmizləmə deyil, həm də ədalətli qiymətləndirmə adlandırmaq üçün bir şərt var: əsl həkimləri – təcrübəsi ilə, əməliyyatları ilə, cəmiyyətə verdiyi töhfələrlə seçilənləri tanımaq və qorumaq.
Mən tənqid üçün deyil, əməkdaşlıq üçün yazıram. Haqqı pozulan və səsləri eşidilməyən həkimlər üçün yazıram. Səhiyyə Nazirliyi ilə birgə işləyərək ictimaiyyətə doğru, dürüst və məlumatlı açıqlamalar verməyə hər zaman hazıram. Təki bu insanlar üçün ədalətli qərar verilsin".


Geri qayıt