Əsas Səhifə > Manşet / Hadisə > Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR!

Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR!


Bu gün, 09:11

Naxçıvanda DİM imtahanını uğurla keçən bir qrup iştirakçı, işə götürən müvafiq dövlət qurumlarına rüşvət vermədikləri üçün müsahibədən kəsiliblər. Bu haqda “Gündəlik Naxçıvan”a onların özləri məlumat veriblər.
Şikayətçilərin sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) testləri şəffaf keçirir, problem isə, işə götürən dövlət orqanlarının iştirakı ilə keçirilən müsahibə zamanı ortaya çıxır. Bu qurumlara əvvəlcədən rüşvət verməyən iştirakçının ərizəsi, təklif olunan vakansiyaya uyğun gəlmədiyi bəhanəsi ilə rədd edilir.
Dövlər Vergi Xidmətində işə düzəlmək üçün mayın 17-də DİM-in Naxçıvan şəhərində təşkil etdiyi test imtahanından uğurla keçən İ. Alıyev rüşvət vermədiyi üçün müsahibədə ona haqsızlıq edildiyini bildirir:
“Testlərdən uğurla keçənlərə müsahibə mərhələsində problem yaradılır. Müsahibə demək olar ki, rüşvət qapısıdır. İmtahanı verdikdən sonra, müsahibədən öncə işə götürən vergi xidməti ilə anlaşıb, pul verməlisən. Pul verməyəndə yüksək intellektə, məntiqi düşünmə bacarığına və geniş dünyagörüşə malik olmadığını deyib, səni yola salırlar. Ən yaxşı halda deyirlər ki, gözlə çağıracağıq. Əvvəllər bu cür işlərə 5-10 min manatla düzəlmək olurdu. İndi onun üç mislini istəyirlər. Təbii ki, tesdən uğurla keçən hər kəsdə də bu qədər pul yoxdur. Onların yerinə rüşvət alıb, elan olunmuş vakansiyalara başqalarını götürdülə.”
Magistratura təhsilini uğurla başa vurmuş A. Ş. bir il əvvəl işə qəbul testindən uğurla keçib. Lakin, onun sözlərinə görə, müsahibədən öncə tələb olunan rüşvəti vermədiyi üçün, hələ də işlə təmin olunmayıb:
“ Naxçıvandakı icra hakimiyyətlərinin birində işləmək üçün testdə iştirak etdim və 85 bal topladım. Sevindim ki, nəhayət mən də işlə təmin olunacağam. 10 nəfər komissiya üzvünün iştirakı ilə müsahibəyə girdim. Aid olmayan suallar verildi. Sonra dedilər ki, get gözlə, çağıracağıq. Bir il keçir hələ də, çağıran yoxdur. Dəflərlə maraqlanmışam. Doğru dürüst-bir söz deyilmir. Sonda öyrəndim ki, mənim icra hakimiyyətinə yazdığım vakansiyaya rüşvət alıb başqasını götürüblər.”
Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək, müsahibə mərhələsində rüşvət tələbinin aradan qaldırılmasını istəyirlər.

Geri qayıt