Əsas Səhifə > Manşet / Hadisə > Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİR
Neft Kəmərləri idarəsi Dübəndi istehsalat bölümü işçiləri HARAY ÇƏKİRBu gün, 08:29 |
Surəti SOCAR-ın Vitse Prezidenti Ziba Xanım Mustafayevaya ünvanlanan müraciətdə deyilir:
"Biz hal-hazırda Neft Kəmərləri İdarəsində çalışırıq. Aşağıda qeyd olunan iki məsələ ilə bağlı müraciət edirəm:
1. Bayram günlərində əmək haqqının ödənilməməsi:
Son vaxtlar müəssisəmizdə bayram və istirahət günlərində iş başında olduğumuz halda, həmin günlərə görə əməkhaqqımıza qanunla nəzərdə tutulmuş əlavə ödənişlərin verilmədiyini müşahidə edirik.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107 və 165-ci maddələrinə əsasən:
Bayram günləri qeyri-iş günləri hesab olunur və bu günlərdə işə cəlb edilən əməkdaşlara əməkhaqqının azı iki misli miqdarında ödəniş olunmalıdır.
Bu tələblərə baxmayaraq, əməkhaqqımızda bu əlavələr nəzərə alınmır ki, bu da əmək hüquqlarımızın pozulması deməkdir.
2. Su təminatı ilə bağlı əlavənin dayandırılması:
İş yerimizin mərkəzləşdirilmiş içməli su mənbəyindən 20 km-dən artıq məsafədə yerləşdiyi üçün əməkhaqqımıza müvafiq kompensasiya əlavə edilirdi. Lakin bu gündən etibarən həmin əlavə əsassız olaraq dayandırılıb. Əsas kimi su xəttinin çəkilməsi göstərilsə də, faktiki olaraq müəssisəyə sabit su təminatı həyata keçirilmir.
Bu hal Nazirlər Kabinetinin 11 avqust 2000-ci il tarixli, № 143 nömrəli qərarına və Əmək Məcəlləsinin 157-ci maddəsinə ziddir. Həmin sənədlərdə göstərilir ki, içməli su mənbəyindən uzaqda yerləşən iş yerlərində çalışan əməkdaşlara kompensasiya verilməlidir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bayram günlərində işləyən əməkdaşlara müvafiq əlavə ödənişlərin verilməsi və su təminatı ilə bağlı kompensasiya əlavəsinin bərpası üçün müvafiq tədbirlərin görülməsini xahiş edirəm.
Qeyd etmək istərdim ki, bu məsələlər təkcə hüquqi deyil, həm də sosial-psixoloji xarakter daşıyır. İşçilərimizin bir çoxu ailə dolandırır, bəziləri kirayə mənzildə yaşayır, kredit ödəyir, gündəlik ehtiyaclarını qarşılamaq üçün ciddi mübarizə aparır. Aldığımız əməkhaqqı onsuz da gündəlik tələbatı çətinliklə qarşılayır, əlavə ödənişlərin isə həm maddi, həm də mənəvi baxımdan mühüm təsiri olur.
Bayram günlərində ailəsindən ayrı qalıb iş başında olan işçinin əlavə əziyyəti görünməz olmamalıdır. İçməli su mənbəyindən uzaqda, bəzən çətin iqlim və yol şəraitində, bəzən isə elementar ehtiyaclarını ödəməkdə çətinlik çəkən əməkdaşın hüququ sadəcə kağız üzərində qalmamalıdır.
Bu cür çətinliklərlə üzləşən işçinin ümid yeri rəhbərliyin ədalətli yanaşması və qayğısıdır. Əməkdaşlar arasında narazılıq və ümidsizlik artmaqdadır. Əmək qanunvericiliyinə uyğun olaraq, bu haqların bərpa olunması həm sosial ədalətin, həm də rəhbərliklə işçilər arasında qarşılıqlı etimadın qorunması baxımından olduqca vacibdir..."
Məsələ diqqətimizdədir...
Geri qayıt |