Əsas Səhifə > Manşet / Sosial > "Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?"
"Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir?"Bu gün, 09:52 |
Bu günlərdə Ələt qəsəbəsinin yeni yaşayış massivində yaşayan vətəndaşların qarşılaşdığı acı bir reallıqdan xəbər verəcəyik. Məsələ ondan ibarətdir ki, bəzi vətəndaşlar üçün qaz xətti problemsiz çəkilir, digərləri isə eyni ərazidə yaşamasına baxmayaraq, illərlə qapı-qapı düşüb qaz xətti üçün müraciət etməli, bəzən isə “kiməsə 3-4 min manat ver” deyə açıq-aşkar qeyri-rəsmi təkliflərlə üzləşməlidirlər.Azəriqaz-a edilən rəsmi müraciətlərə isə cavab olaraq bildirilir ki, “bura SOCAR ərazisidir”, “bizlik deyil”, “məsələ qeyri-müəyyəndir” və sair bəhanələr səsləndirilir. Maraqlısı isə budur: eyni ərazidə – bəli, eyni küçədə – bir evdə qaz var, amma on metrlik məsafədəki digər evə qaz çəkilmir. Bu hansı məntiqə, hansı qanunauyğunluğa sığır?Qəsəbə sakinləri gundemxeber.az-a bildirirlər ki, bu problemi “həll etmək” üçün müəyyən “adamlar” var. Onlara “pulunu ver, qazını çəkdir” deyirlər. Dövlətin rəsmi qurumu olan Azəriqaz-ın işi rüşvətlə, vasitəçilərlə həll olunmalı deyil! Bir vətəndaş öz haqqı olan xidmətə görə niyə “yalvarmalı”, niyə vasitəçi axtarmalıdır?Əgər bir ərazidə qaz xətti varsa və qonşular bu xidmətdən istifadə edirsə, bəs onda digər vətəndaşın haqqı harada qalır? Dövlət qurumları vətəndaşa bərabər xidmət göstərməlidir, seçmə yanaşma ilə yox.Bu problemi görmək və həll etmək aidiyyəti qurumların, xüsusilə də "Azəriqaz" rəhbərliyinin borcudur. İnsanlar artıq bezib, ümidsizliyə qapılıb. Ədalət bərqərar olmalıdır!Sakinlərin bildirdiyinə görə, bu məsələlərin həllində bəzi şəxslər vasitəçilik edir və 3-4 min manat civarında rüşvət qarşılığında "işi yoluna qoyurlar". Əldə etdiyimiz məlumata görə, bu işlərin başında duran əsas fiqur isə Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan, qaz idarəsinin əməkdaşlarından biridir. Araşdırmalar davam edir, lazımi sübutlar əldə olunduqdan sonra həmin şəxsin adı da ictimaiyyətə açıqlanacaq.Sonda sualımız sadədir:Hörmətli "Azəriqaz" rəhbərliyi, bu ayrı-seçkiliyi, bu ədalətsizliyi necə izah edirsiniz? Vətəndaş niyə qaz xətti üçün kiməsə pul verməlidir? Əgər bu ölkədə hər kəs bərabər hüquqludursa, niyə eyni küçədə birinin qazı var, digərinin yoxdur?Yazıda adıçəkilən "Azəriqaz"ın rəsmi şəxslərinin də mövqeyini dinləməyə hazırıq.Geri qayıt |