Əsas Səhifə > Manşet / Hadisə > 7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir...

7 ildir müqavilə bağlayıb, 5 ildir pulunu ödəyib, amma evinə sahib ola bilmir...


Bu gün, 10:12

Paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi 57 ünvanında çoxmərtəbəli yaşayış binası inşa edən “Təbriz” Mənzil-Tikinti Kooperativi (MTK) ilə bağlı daha bir qalmaqal yaşanır. Yaşayış binasında mənzillərdən bəzilərinin iki müxtəlif adamlara satılması faktlarının üzə çıxması ilə əlaqədar bir müddət əvvəl tikinti şirkətinin həmtəsisçisi, eləcə də faktiki rəhbəri Nofəl Hacıyev həbs olunmuşdu. Ona qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa ittihamlar irəli sürülmüşdü.

Bizimyol.info xəbər verir ki, indi isə illərdir mənzil üçün pul ödəmiş, lakin indiyə qədər evinə sahib ola bilməmiş vətəndaşlar məhkəməyə müraciət edib.

Şikayətçi bildirir ki, mərhum əri 2018-ci ildə tikinti şirkəti ilə müqavilə bağlayaraq, onlardan binada 150 kvadrat metrlik mənzil alıb. Müqavilənin şərtlərinə görə, 150 min manat pulu iki il ərzində - 2020-ci ilin sonuna qədər ödəyib. Müqavilədə göstərilib ki, 6 bloklu binanın 1-ci blokunun 8-ci mərtəbəsində 150 kvadrat metr sahəsi olan mənzil onundur. Alıcının şirkətə borcu qalmaması barədə maliyyə arayışı da verilib: “2021-ci ildə həyat yoldaşım dünyasını dəyişdi. Mən həmin mənzillə bağlı onun vərəsəsi kimi tanınmışam. Bu günə qədər şirkət öhdəliklərini yerinə yetirmir - mənzili təhvil vermir. Halbuki, müqavilənin bağlanmasından 7 il, pulun ödənilməsindən 5 il keçir”.

Məhkəmə şikayətçinin xeyrinə qərar verib. Qərara əsasən, həmin mənzilin şikayətçinin sahibliyinə və istifadəsinə verilməsi öhdəliyi şirkətin üzərinə qoyulub. Onun mənzildə təmir işləri aparmasına yaradılan maneələrin də aradan qaldırılmasına göstəriş verilib.


Geri qayıt