Əsas Səhifə > Manşet / Hadisə > "Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..."
"Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər..."Bu gün, 10:35 |
Naxçıvan şəhər Məhkəməsi etirazçı müəllim Səriyyə Qənbərovaya qarşı ötən il açılan cinayət işinə xitam verib. Müəllimdən şikayət edən isə, onun o vaxt çalışdığı Naxçıvan şəhər 1 saylı otra məktəbin direktoru Asudə Məmmədova idi.
Səriyyə Qənbərova „Gündəlik Naxçıvan“ vasitəsi ilə bu məktəbdə, eləcədə Naxçıvan Təhsil Nazirliyindəki rüşvət və korrupsiya hallarını ictimailəşdirmişdi. Bundan sonra məktəb direktoru guya ona fiziki xəsarət yetirməsi ilə bağlı müəllimi məhkəməyə vermişdi.
Səriyyə Qənbərova işə xitam verilməsində ictimai qınağın əsas rol oynadığını bildirir:
“Mənə qarşı şikayət direktorun özfəaliyyəti yox, yerli Təhsil Nazirliyinin sifarişi idi. Onları ifşa etdiyim üçün məni məhkəmənin əli ilə cəzalandırmaq istəyirdilər. Mənsə susmadım, haqqımı tələb etdim, mətbuat da arxamda durdu, ictimaiyyətdən böyük dəstək ala bildim. İctimai qınaq olmasydı, məhkəmə çox güman ki, fərqli qərar çıxarıb, məni cəzalandıracaqdı. Açığı, işə xitam verilməsini gözləmirdim.”
Səriyyə Qənbərova qanunsuz çıxarıldığı işinə bərpa edilməsini də tələb edir:
“Nazirlik qisas almaq üçün məni qanunsuz işdən çıxarıb. Bu qərardan məhkəməyə şikayət etsəm də, həm yerli məhkəmə, həm də Naxçıvan Ali Məhkəməsi əleyhimə qərar verib. Mən öz işimə bərpa olunmağım üçün bütün hüquqi yollardan istifadə edəcəyəm. Ümid edirəm ki, nəticəsi olacaq.”
Səriyyə Qənbərova ötən ilin oktyabrına qədər Naxçıvan şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyib. Buradakı korrupsiya və digər qanun pozuntularını ictimailəşdirdikdən sonra öncə məktəbdə döyülüb, daha sonra isə işdən qovulub. Naxçıvan şəhər Məhkəməsi onun döyülməsi ilə bağlı şikayətini qəbul etməyib. Bunun əvəzində, onu döydürən məktəb direktorunun şikayəti əsasında cinayət işi açmışdı. İki övlad anası olan müəllim hazırda işsizdir.
Geri qayıt |