Əsas Səhifə > Manşet / Sosial > Naxçıvanda hərbçilərin PULU KƏSİLİB...

Naxçıvanda hərbçilərin PULU KƏSİLİB...


10-12-2025, 10:46

Naxçıvanda səhra şəraitində xidmət edən hərbçilər əlavə ödəniş ala bilmirlər. Qanunla nəzərdə tutulan bu məbləğ aylıq təxminən 600 manatdır. Beş aydan artıqdır bu şəraitdə çalışan bir qrup zabit və MAXE “Gündəlik Naxçıvan”a bildirir ki, bu azmış kimi, onların aylıq 62 manat ərzaq pulu da kəsilib.
Hərbçilərin sözlərinə görə, həftəsonları və bayram günləri də daxil olmaqla çadırlarda qalaraq 24 saat fasiləsiz xidmət edirlər.
Hərbçilərdən B. M. deyir ki, qanuni haqları olan əlavə ödənişi verməmək üçün hərbi hissə müxtəlif bəhanələr gətirir:
“Bəhanə gətirirlər ki, guya filan qərara görə bizə düşmür. Biz ciddi tapşırıq üçün göndərilmişik. Xidmət etdiyimiz yer susuz, yaşayış üçün heç bir şəraiti olmayan bir səhralıqdır. Əgər bu səhra şəraiti deyilsə, bəs nədir? O zaman şəhərdə xidmət edən, 8–10 saat işləyib evinə gedən hərbi qulluqçudan bizim fərqimiz nədir?
Bundan əlavə, 24 saat qazan təminatında olduğumuza görə aylıq 62 manat ərzaq pulumuz da kəsilib. Elə bu faktın özü bizim səhra şəraitində işlədiyimizi təsdiq edir. Əgər səhra deyilsə, ərzaq pulumuz niyə kəsilir? Ərzaq pulumuz kəsilirsə, niyə səhra şəraiti hesab olunmuruq?”
Zabitlər bildirirlər ki, haqlarını tələb edəndə müxtəlif yollarla hədələnirlər:
“Kərəm Mustafayevdən sonra müsbətə doğru çox dəyişikliklər olub. Biz də gözləyirdik ki, yeni rəhbərlik tam ədalətli olsun. Amma sözünü deyənlərin hədələnməsi hələ də davam edir. Pulumuzu tələb edəndə deyirlər ki, ‘sizə demokrat damğası vurub, içəri basarıq’. Demokrat olmaq cinayətdirmi? Əlahiddə Ordu rəhbərliyinə və digər aidiyyəti şəxslərə müraciət etmişik. Problemi həll etmək əvəzinə bizə sərt cavab verirlər. Biz də məcbur qalıb, ictimailəşdiririk.”
Hərbçilər MN rəbhərliyinə müraciət edərək, problemlərinin həllində yardımçı olmalarını xahiş edirlər.

Geri qayıt