|
Qanunvericiliyə görə hər bir icra nümayəndəsi iş saatlarında ya idarədə, ya da tabeliyində olan ərazidə olmalıdır. Amma Quba rayonunun bir sıra dağlıq ərazidə yerləşən inzibati ərazi dairələri üzrə nümayəndəliklərində tam əks mənzərə yaşanır. Sakinlər deyir ki, nümayəndələr nəinki iş vaxtı idarədə olmur, hətta günlərlə, həftələrlə ərazilərində belə görünmürlər.
Xüsusilə dağ kəndlərinə cavabdeh olan nümayəndələrin adı daha çox hallanır. Buduq icra nümayəndəsi Şahin Həsənov, Əlik icra nümayəndəsi Mübariz Ağasiyev, Qonaqkənd nümayəndəsi Rasim Bəşirov və Xınalıq nümayəndəsi Nəsimi Məmmədov illərdir dağ kəndlərini “aşağıdan” idarə edirlər. Çünki adıçəkilən məmurların heç biri xidmət etdiyi kəndlərdə yaşamır.
Məlumata görə:
Mübariz Ağasiyev Quba şəhərində,
Şahin Həsənov Timiryazev qəsəbəsində,
Nəsimi Məmmədov və Rasim Bəşirov isə Alekseyevka kəndində yaşayırlar.
Bu isə o deməkdir ki, onların işə vaxtında çatması fiziki olaraq mümkünsüzdür. Məsələn, Şahin Həsənovun saat 09:00-da Buduq kəndində iş başında olması üçün hər gün ən azı səhər saat 05:00-da evdən çıxması lazımdır. Digər nümayəndələr üçün də vəziyyət eynidir.
Nəticədə dağlıq kəndlərin sakinləri illərdir icra nümayəndəsinin üzünü görmür. Ərazi ilə bağlı nə problem, nə də təxirəsalınmaz məsələ zamanı məsul şəxsi tapmaq olur. İnsanlar deyir ki, “nümayəndəlik kağız üzərində var, real həyatda yox”.
Bu hal həm dövlət qulluqçuları haqqında qanunvericiliyin açıq şəkildə pozulması, həm də kəndlərin faktiki olaraq sahibsiz qalması deməkdir. Məsafədən idarəçilik isə problemlərin yığılması, operativliyin olmaması və sakinlərin narazılıqlarının artması ilə nəticələnir.
İllərdir öz kəndlərinə ayaq basmayan nümayəndələrə rəğmən, dağ kəndlərinin problemi də, dərdi də öz içində boğulur. Sakinlər isə açıq soruşur: əgər icra nümayəndəsi kənddə yoxdursa, onda bu insanların dərdini kim dinləməlidir?
simalinsesi
Geri qayıt
|