Əsas Səhifə > Manşet / Ölkə > "Sanki bu binalarda insan yaşamır"

"Sanki bu binalarda insan yaşamır"


23-12-2025, 11:06

Naxçıvan şəhər Lift Xidmətinin səriştəsizliyi Qoçüstü məhəlləsində yaşayan yüzlərlə sakini liftsiz qoyub. Xidmət bu məhəllədə yerləşən iki çoxmərtəbəli binanın bütün girişlərində liftləri “yenilənmə işləri” adı altında eyni vaxtda dayandırıb.
Bu barədə “Gündəlik Naxçıvan”a məhəllə sakinləri məlumat veriblər. Sakinlər hesab edirlər ki, girişləri tək-tək bağlayaraq təmir işlərini mərhələli şəkildə aparmaq olardı. Bu halda isə sakinlər növbəli şəkildə də olsa liftlərdən istifadə edə bilərdilər.
Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə, yuxarı mərtəbələrdə yaşayan ağır xəstələr, yaşlı sakinlərdir.
Məhəllə sakini Z. Məmmədova deyir ki, lift işləmədiyindən təcili tibbi yardım da çağırışlara gəlmir:
“Bir girişdə işləyirlər, söküb-töküb sonra yoxa çıxırlar. Binalardan birinin 8, digərinin isə 6 girişi var. Hamısının liftini eyni vaxtda dayandırıblar. Bu binaların yuxarı mərtəbələrində iflic xəstələr, tək yaşayan yaşlı insanlar var. Tez-tez təcili yardım çağırılırdı, xəstələr müayinəyə aparılırdı. İndi lift olmayanda insanı necə aşağı endirək? Təcili yardım da gəlmir, deyirlər pilləkənlə qalxa bilmərik. Bu, açıq-aşkar insan həyatı ilə oynamaqdır.”
Digər sakin Q. Məmmədov isə bildirir ki, aidiyyəti qurumlara edilən şikayətlər nəticəsiz qalıb:
“Liftlər o qədər də köhnə deyildi. Biz yenilənmənin əleyhinə deyilik. Amma 8 və 6 girişi olan iki binanın bütün girişlərində liftləri birdən dayandırmaq hansı məntiqə sığır? Bir girişdə işləsinlər, digərləri işlək qalsın. Bu qədər sadədir. Lift İdarəsinə, digər aidiyyəti qurumlara müraciət etmişik, deyirik mərhələli edin. Amma heç kim baxmır, heç kim cavab vermir. Sanki bu binalarda insan yaşamır.”
Məhəllə sakinləri aidiyyəti qurumlardan problemə təcili müdaxilə etməyi və liftlərin mərhələli şəkildə yenilənməsini tələb edirlər.

Geri qayıt