Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir"
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir"15-01-2026, 17:08 |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Real bazar dəyəri 48 000 manat olduğu halda, həmin məhsullar üçün dövlət büdcəsindən 3 dəfə şişirdilməklə 166 840 manat silinmişdir(?) Son dövrlər redaksiyamıza QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı, xüsusilə qrantların bölgüsü və dövlət satınalmaları (tenderlər) sahəsində ciddi pozuntularına dair məlumatlar ardıcıllıqla daxil olmaqdadır. Bu məlumatlarda tender prosedurlarının formal xarakter daşıması, qiymətlərin real bazar dəyərlərindən kəskin şəkildə fərqlənməsi və prosesin əvvəlcədən müəyyən edilmiş şirkətlərin xeyrinə yönləndirilməsi kimi iddialar yer almaqdadır. Sözsüz ki, bu cür hallar QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətində ilk dəfə baş vermir. Əvvəlki illərdə də oxşar məzmunlu məlumatlar ictimailəşdirilsə də, təəssüf ki, indiyədək heç bir aidiyyəti dövlət qurumu tərəfindən bu iddialar üzrə prinsipial və açıq nəticə ortaya qoyulmayıb. Nəzarət mexanizmlərinin faktiki olaraq işləməməsi isə bu kimi halların təkrarlanmasına münbit şərait yaradır. Nəticə etibarilə, dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatdan kənar və şişirdilmiş qiymətlərlə xərclənməsi riski artır, bu isə təkcə maliyyə itkisi deyil, eyni zamanda ictimai etimadın sarsılması deməkdir. Məhz bu səbəbdəndə, Yenixeber.org olaraq növbəti - əndrabadi tenderlə bağlı əldə etdiyimiz faktları həm oxucularımızın, həm də məsuliyyətini dərk edən məsul şəxslərin diqqətinə çatdırmağı zəruri hesab edirik. Xatırlayırsınızsa, 2025-ci ilin avqust ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyi elektron avadanlıqların, xüsusilə kofe aparatlarının alınması ilə bağlı tender elan etmişdi. Amma, Agentliyin kofe aparatları alması bir sıra saytlarda tənqid olunduqdan sonra, sentyabr ayında həmin tender ləğv olundu. Lakin, noyabr ayında Agentlik ehtimal olunan qiymətləri və məhsulların sayını bir qədər azaldıb həmin tenderi yenidən gündəmə gətirdi. Nəhayət, dekabr ayında QHT-lərə Dövlət Dəstəyi Agentliyi həmin tender üzrə "CASPİAN SUPPLİES AZE" Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edərək, dəyəri 166 840 manat olan müqavilə imzalayıb. Açıq mənbələrdəki məlumatlara əsasən 10 manat nizamnamə kapitalı olan həmin MMC-yə Tariyel Vahabov rəhbərlik edir. Mediada bu şirkət “tenderlər kralı” kimi tanınır. Yəqin ki, tender həyata keçirən qurumlar nə demək istədiyimizi yaxşı anlayar. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kofe aparatları, fotoaparat, işıq avadanlıqları və digər məhsullar alacağı bu tenderlə bağlı sadə araşdırma apardıq. Agentliyin təqdim etdiyi bütün göstəricilərə uyğun olan məhsulların qiymətlərini müxtəlif şirkətlərdən öyrəndik. Hətta sizlərin də öyrənməsi üçün həmin siyahını diqqətinizə təqdim edirik. Belə ki, əldə etdiyimiz qiymətlərə əsasən, məhsulların real bazar qiyməti 48 000 manat, ƏDV ilə birlikdə isə 56 640 manat təşkil etdi. Diqqət edirsinimi, real bazar dəyəri 48 000 manat olduğu halda, həmin məhsullar üçün dövlət büdcəsindən 3 dəfə şişirdilməklə 166 840 manat silinmişdir. “yenixeber.org” olaraq mövqeyimiz aydındır: təqdim olunan faktlar artıq sadəcə jurnalist araşdırması çərçivəsindən çıxaraq, cinayət xarakterli əməllərə dair ciddi əsaslı şübhələr formalaşdırır. Dövlət büdcəsindən vəsaitlərin açıq-aşkar şişirdilmiş qiymətlərlə xərclənməsi, eyni şirkətin davamlı şəkildə tender qalibi elan edilməsi və nəzarət mexanizmlərinin faktiki olaraq işləməməsi bu prosesdə vəzifə səlahiyyətlərindən sui-istifadə ehtimalını gücləndirir. Bu səbəbdən Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də digər səlahiyyətli nəzarət və hüquq-mühafizə orqanları təqdim olunan faktlar üzrə təcili və hərtərəfli araşdırma aparmalı, tender prosedurlarının qanunvericiliyə uyğunluğu, qiymət fərqlərinin hansı əsaslarla formalaşdığı və bu prosesdə iştirak edən vəzifəli şəxslərin hüquqi məsuliyyəti məsələsinə aydınlıq gətirməlidir. Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır. Bununla belə bir məqam xüsusilə vurğulanmalıdır ki, dövlət büdcəsindən ayrılan vəsaitlər ictimai vəsaitdir və onların təyinatı üzrə, səmərəli və şəffaf xərclənməsi birbaşa qanunun tələbidir. Mövcud faktlar belə bir təəssürat yaradır ki, bəzi hallarda büdcə vəsaitləri real bazar dəyərlərindən kəskin fərqlənən qiymətlər əsasında xərclənir və bu da faktiki olaraq büdcə vəsaitlərinin səmərəsiz istifadəsi və talanı riskini ortaya çıxarır. Bu cür halların qarşısı vaxtında alınmadıqda, proses sistemli xarakter alır və pis vərdişə çevrilir. Hesab edirik ki, məhz bu mərhələdə aidiyyatı nəzarət qurumlarının rolu həlledici olmalıdır. Onlar imkan verməməlidir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimi dövlət qurumları şübhəli tender mexanizmləri vasitəsilə bu cür riskli və ictimai narazılıq yaradan addımlar atsınlar. Əks halda cəmiyyətdə belə bir rəy formalaşır ki, bəzi qurumlar özlərini toxunulmaz hesab edir və müəyyən dairələrə arxayın olduqları üçün nəzarət mexanizmləri faktiki olaraq işləmir. Məhz buna görə də bu yazımızda məqsəd kimisə qəti şəkildə ittiham etmək deyil, ictimai nəzarətin və hüquqi qiymətləndirmənin zəruriliyini gündəmə gətirməkdir. Dövlət büdcəsinin qorunması, şəffaflığın təmin edilməsi və mümkün sui-istifadə hallarının qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən prinsipial mövqe ortaya qoyulmalıdır. Yenixeber.org
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. Geri qayıt |