Əsas Səhifə > Manşet / Ölkə > İcra şöbəsinin rəisi xəstə azyaşlının anasını həbs etdirmək istəyir?
İcra şöbəsinin rəisi xəstə azyaşlının anasını həbs etdirmək istəyir?8-02-2026, 07:28 |
|
Ali təhsilli müəllimə, autizm və epilepsiya xəstəsi olan azyaşlının anası Qubaxanım Ələsgərova Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin rəisi Eynur Babayevin fəaliyyətindən şikayətçidir. Editor.az xəbər verir ki, vətəndaş Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı açıq müraciətdə rəisin ciddi hüquq pozuntularına yol verdiyini iddia edir. Vətəndaş bildirir ki, son iki il ərzində Eynur Babayev tərəfindən barəsində dəfələrlə əsassız təqdimatlar verilib, həbs etdirilməsinə cəhd olunub. Onun sözlərinə görə, bu təqdimatların bir qismi məhkəmələr tərəfindən rədd edilib, bir istintaq işi isə hüquqi əsas olmadığı üçün bağlanıb. Buna baxmayaraq, yenidən istintaqa cəlb olunması üçün davamlı cəhdlər göstərilib. “Məni aylarla məhkəmə və istintaq qapılarında süründürməklə təkcə mənim deyil, autizm və epilepsiya xəstəsi olan övladımın da həyatını əlimdən alırlar. Mənim uşağımla keçirməli olduğum vaxt zorla oğurlanır,” – deyə Qubaxanım Ələsgərova bildirir. Ana iddia edir ki, icra və probasiya şöbəsinin rəisi uşağın xroniki xəstəliklərini – autizm və epilepsiyanı nəzərə almadan, həkim göstərişlərinə zidd tələblər irəli sürüb, dərmanların əvvəlcədən verilməsini tələb edib və vəziyyət ağırlaşacağı təqdirdə ananın çağırılmasını rədd edib. Şikayətdə qeyd olunur ki, bütün bu proseslərdə atanın – Fərid Məlikovun maraqları üstün tutulur, uşağın sağlamlığı və ananın valideyn hüquqları isə nəzərə alınmır. Qubaxanım Ələsgərova bildirir ki, icra və probasiya orqanlarında məmur özbaşınalığına dair video və sənəd sübutları mövcuddur və məsələ obyektiv araşdırılmadığı halda bu materiallar mediaya təqdim ediləcək. //Editor.az Geri qayıt |