Əsas Səhifə > Manşet / Sosial > "Qaz sızmasına görə bağçanın iki nəfər işçisi zəhərlənib..."

"Qaz sızmasına görə bağçanın iki nəfər işçisi zəhərlənib..."


9-02-2026, 11:40

Naxçıvan şəhər 8 saylı uşaq bağçasındakı təhlükəli vəziyyətlə bağlı bir qrup valideyn həyəcan siqnalı çalır. Onların sözlərinə görə, bağçada quraşdırılan keyfiyyətsiz istilik sistemindən içəri sızan qaz uşaqların həyatı üçün təhlükə yaradır.
Sızan qazdan bu günlərdə iki əməkdaş zəhərlənsə də, məsələnin ört-basdır edildiyi, problemin aradan qaldırılması üçün isə heç bir tədbir görülmədiyi bildirilir.
Valideynlərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, bu vəziyyət təxminən 3 həftədir davam edir:
“Əvvəl ümumi qazanxana var idi, heç bir problem çıxmırdı. Sonra qənaət məqsədilə kiçik kombi quraşdırdılar. Deyilənə görə, büdcəyə qənaət olunsun deyə quraşdırmada ucuz borulardan istifadə edilib. Sızma da yəqin ki, bu səbəbdən baş verir. Qaz sızmasına görə bağçanın iki nəfər işçisi zəhərlənib. Problemi həll etmək yerinə, bu məsələni gizlətməyə çalışırlar. Bağça rəhbərliyi isə deyir ki, ciddi problem yoxdur, narahatlığa dəyməz.”
Valideynlər deyirlər ki, təhlükə ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, hələlik nəticə yoxdur:
“Fövqəladə Hallar Nazirliyinə, qaz idarəsinə və digər aidiyyəti qurumlara məlumat versək də, maraqlanan yoxdur. Valideyn olaraq hər gün baş verə biləcək qaz sızması və zəhərlənmə ehtimalı bizi ciddi narahat edir. Təəssüf ki, problemin aradan qaldırılması üçün lazımi və effektiv tədbirlər görülmür, əksinə, məsələnin ört-basdır edilməsinə çalışıldığı təəssüratı yaranır.
Təsəvvür edin ki, qaz sızmasından partlayış da baş verə bilər. Bu səbəbdən bir çox valideyn uşağını bağçaya buraxmır.”
Valideynlər aidiyyəti qurumlara müraciət edərək bağçadakı təhlükəli vəziyyətin aradan qaldırılmasını tələb edirlər.
Adı çəkilən bağçadan məsələ ilə bağlı münasibət bildirmək istəmədilər.

Geri qayıt