Əsas Səhifə > Manşet / Cəmiyyət > Babək rayonu ZİBİLXANAYA ÇEVRİLİB

Babək rayonu ZİBİLXANAYA ÇEVRİLİB


17-02-2026, 12:04

Babək rayonunun bir neçə kəndində zibil qablarının ləğv olunması ciddi narazılıq yaradıb. Qablar olmadığından sakinlər tullantıları küçə və dalanlara atmağa məcbur qalırlar.
Sakinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, atılan zibil günlərlə, bəzən isə həftələrlə yığışdırılmır. Bu vəziyyət küçələrdə üfunət iyinin yayılmasına, həşərat və gəmiricilərin çoxalmasına səbəb olur.
Problemdən əziyyət çəkənlər bir bələdiyyədə birləşən Xəlilli, Didivar, Nəzərabad, Yuxarı və Aşağı Uzunoba, eləcə də Şıxmahmud kəndlərinin sakinləridir.
Şikayətçilərin sözlərinə görə, zibil qabları təxminən bir il əvvəl, bu kəndlərə yeni bələdiyyə sədri təyin edildikdən sonra yığışdırılıb.
Şıxmahmud kənd sakini N. Məmmədov deyir ki, uşaqlar hər gün zibil yığınlarının arasından keçərək məktəbə getməli olurlar:
“Zibil qablarını yığışdırıb aparıblar, bir dənə də saxlamayıblar. İndi sakinlər məcbur qalıb zibili küçənin ortasına tökürlər. İydən, çirkabdan evdən çıxmaq olmur. Bu vəziyyət aylardır davam edir. Uşaqlar zibilin içindən keçib məktəbə gedirlər. Xəstəlik yayılmasından qorxuruq. Nə bələdiyyə baxır, nə də icra hakimiyyəti.”
Xəlilli kənd sakinləri də eyni problemlə üzləşdiklərini bildirirlər:
“Şikayət etmədiyimiz yer qalmayıb. Hamı məsuliyyəti bir-birinin üstünə atır. Qablar yoxdur, zibil vaxtında yığışdırılmır. Küçələr zibilxanaya çevrilib, amma cavab verən yoxdur. Hər kəs Naxçıvanın təmizliyindən danışırdı. İndi isə bu təmizlikdən əsər-əlamət qalmayıb. Vəziyyət qonşu kəndlərdə də eynidir. Didivar, Nəzərabad, Yuxarı və Aşağı Uzunoba kəndləri də eyni problemi yaşayır. Kəndlər zibil içində qalıb.”
Sakinlər aidiyyəti qurumları təcili tədbir görməyə çağırırlar.

Geri qayıt