Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > QOLUZORLU ADİL ƏLİYEV...

QOLUZORLU ADİL ƏLİYEV...


27-02-2026, 12:27

"DogruXeber.tv" xəbər verir ki, jurnalist Kamal Əsgərov şəxsi Facebook hesabında son günlər müzakirə olunan bir məsələ ilə bağlı diqqətçəkən paylaşım edib. O, Eldar Əzizov tərəfindən Adil Əliyev barəsində verilən töhmətdən sonra yaranan ictimai reaksiyaları təhlil edərək, bəzi şəxslərin qəfil şəkildə eyni arqumentlərlə müdafiə mövqeyinə keçməsini sual altına alır. Müəllifə görə, şəhid ailələri və qazilərlə bağlı fəaliyyətin “üstün xidmət” kimi təqdim olunması həm hüquqi, həm də etik baxımdan problemli yanaşmadır və dövlət idarəçiliyinin mahiyyəti ilə ziddiyyət təşkil edir.

Bir neçə gün əvvəl Eldar Əzizov tərəfindən Adil Əliyev barəsində verilən töhmətdən sonra maraqlı bir mənzərə ortaya çıxdı. Uzun müddət səssiz qalan bəzi şəxslər qəfil şəkildə aktivləşdi və demək olar ki, hamısının arqumenti eyni xətt üzrə quruldu: Adil Əliyevin “üstün fəaliyyəti”.

Əsas vurğu da budur ki, guya o, digər icra başçılarından fərqli olaraq şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərir, onların məclislərində iştirak edir, şəkillər çəkdirir və s. Bu arqument emosional səslənsə də, hüquqi və idarəçilik baxımından zəifdir. Çünki şəhid ailələrinə, qazilərə, həssas sosial təbəqələrə xidmət göstərmək hər bir məmurun vəzifə borcudur. Bu, əlavə üstünlük yox, dövlət qulluğunun elementar tələbidir. Borcu qəhrəmanlıq kimi təqdim etmək isə ciddi yanaşma deyil.

Video burada!

Məsələ ondadır ki, dövlət vəzifəsini yerinə yetirməyi şəxsi PR predmetinə çevirmək doğru yanaşma sayıla bilməz. Daha təhlükəlisi isə odur ki, həssas təbəqələri arqument və sipər kimi istifadə etmək həm etik baxımdan yanlışdır, həm də dövlət idarəçiliyi anlayışına ziddir. Dövlətin sosial siyasəti şəxslərin imic layihəsinə çevrilməməlidir. Adil Əliyevin idarəçilik üslubuna gəldikdə isə, əvvəllər də qeyd etmişəm: onun fəaliyyəti siyasi idarəçilik modelindən çox idmançı psixologiyasını xatırladır. İdmanda əsas məqsəd rəqibi məğlub etməkdir. Dövlət idarəçiliyində isə əsas məqsəd cəmiyyətə xidmət etməkdir. Bu iki yanaşma arasında ciddi fərq var. Güc nümayişi idarəçilik deyil. Sosial şəbəkələrdə yayılan çoxsaylı müraciətlərdə Suraxanı rayonu ərazisində obyektlərin və evlərin sökülməsi, vətəndaşlara maddi zərər vurulması ilə bağlı iddialar səsləndirilib. Eyni zamanda rayon ərazisində qanunsuz tikintilərin geniş yayılması barədə də faktlar müzakirə mövzusudur. Bütün bunları “don geyindirməklə” aradan qaldırmaq mümkün deyil. Atalar demişkən: “Görünən dağa nə bələdçi?”

Unudulmamalıdır ki, məmur anlayışı xidmət anlayışıdır. Məmur dövlətin yox, xalqın xidmətçisidir. Bu xidmət isə şərtsiz və nümayişsiz olmalıdır. Bu gün kimlərsə müxtəlif səbəblərlə müdafiə mövqeyinə keçə bilər. Amma kənardan baxan üçün bu tablo nə inandırıcıdır, nə də ciddi.

Bir sözlə, həssas təbəqələri qalxan kimi istifadə edib idarəçilik problemlərini ört-basdır etməyə çalışmaq nə siyasi mədəniyyətə, nə də dövlət etikası anlayışına uyğun gəlir. Və özünü müdafiəçi kimi təqdim edənlər bilməlidirlər ki, kənardan bu davranış heç də sanballı görünmür.


Geri qayıt