Əsas Səhifə > Manşet / Ölkə > "Rüşvət verənlər imtahan nəticəsindən asılı olmayaraq vəzifəyə gətirilir..."
"Rüşvət verənlər imtahan nəticəsindən asılı olmayaraq vəzifəyə gətirilir..."5-03-2026, 10:36 |
|
Naxçıvanda məktəb direktoru təyinatında namizədin biliyindən çox, verdiyi rüşvətin məbləğinin rol oynadığı bildirilir. Test imtahanlarında müsbət nəticə göstərən namizədlər rüşvət vermədikləri üçün kənarda qalır. Rüşvət verənlər isə imtahan nəticəsindən asılı olmayaraq vəzifəyə gətirilir.
Bu barədə “Gündəlik Naxçıvan”a imtahanlarda iştirak etmiş bir qrup namizəd məlumat verib. Onların sözlərinə görə, rüşvətin məbləği məktəbin yerləşdiyi əraziyə və şagird sayına görə dəyişir. Kiçik kənd məktəbləri üçün bu məbləğin min–iki min manat, rayon mərkəzi və şəhər məktəblərində isə 15–20 min manat arasında dəyişdiyi iddia olunur.
Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən məktəb direktorlarından biri deyir ki, üç dəfə uğurlu nəticə göstərsə də, yalnız rüşvət verdikdən sonra vəzifəyə təyin olunub:
“İki dəfə test suallarını düzgün cavablandırmışam, amma nəticədə keçə bilməmişəm. Nəhayət, dostlardan biri məktəb direktoru olmaq üçün mütləq pul verməyin lazım olduğunu izah etdi. Əvvəl inanmadım, tərəddüd etdim, amma sonradan razılaşdım. Onun vasitəçiliyi ilə lazım olan məbləği nazirə çatdırdım. Bundan sonra asanlıqla direktor vəzifəsinə təyin olundum. Göstərdiyim nəticələr yüksək idi, bu mənim haqqım idi. Lakin nə edəsən ki, rüşvət vermədən haqqını ala bilmirsən. Verdiyim məbləği açıqlamayacağam, çünki kimliyim bilinər.”
Namizədlərdən R.Ə. isə deyir ki, imtahanlarda iki dəfə uğur qazansa da, rüşvət verə bilmədiyi üçün direktor təyin olunmayıb:
“Həm biliyimə, həm də təcrübəmə arxayınam. Testdən də yüksək nəticə əldə etmişəm. Ötən ilin sentyabrından təyinat almağımı gözləyirəm. ‘Bu yaxınlarda olacaq’ deyib gözlədirlər. Amma testdən keçə bilməyənlərin sonradan direktor təyin olunduqlarının şahidi olmuşam. Təbii ki, rüşvət hesabına. Testlərin keçirilməsi və işə qəbul prosesi ilə bağlı heç bir yerdə şəffaf şəkildə açıqlama verilmir. Bu da şəffaflığa kölgə salır.”
Geri qayıt |