Əsas Səhifə > Manşet / Hadisə > "Bircə zəngə və bir tapşırığa bənd olan məsələdir..."
"Bircə zəngə və bir tapşırığa bənd olan məsələdir..."8-03-2026, 08:05 |
|
"Gənclər və İdman nazirliyi gözəl bir təşəbbüslə Qazaxı 2026-cı ilin idman paytaxtı elan edib. Ondan əvvəl Qəbələ idi, ondan da əvvəl Quba. Qeyd etdiyim kimi, gözəl təşəbbüsdür..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış idman jurnalisti Kənan Məstəliyev yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Təntənəli mərasimi də izlədim və doğru, yaxşı bir mərasim keçirildiyini deyə bilərəm. Həqiqətən də böyük idman ənənəsi olan bu şəhərin hörmətli şəxsləri, təkcə öz şəhərlərinin yox, ümumi regionun və Azərbaycanın idmanına böyük töhfə vermiş şəxslər öndə yer aldılar, böyük bir bayramı müşayiət etdilər. Alqışalayiqdir, bir idmansevər olaraq təşkilatçılara və ümumilikdə bu paytaxt məsələsinin ideya müəlliflərinə təşəkkürümü bildirirəm.
Hər şey yaxşıdır, amma "kiçik" bir nüans qalıb. Azərbaycan idmanının təməl şəhərlərindən olan Qazaxın mərkəzi şəhər stadionu hələ də dağınıq vəziyyətdədir. Arena konkret etinasızlığın, barmaqarası yanaşmanın qurbanıdır. Stadion deyirik, amma böyük bir kompleksdir, ərazisi də genişdir - Olimpiya hovuzuna, güləş zalına qədər hər şey var. Orada elə bir idman infrastrukturu "yatır" ki, "oyadılsa", şəhər idmanı qarşısıalınmaz bir qüvvəyə çevrilər. Dəfələrlə ərazidən reportaj yazmışıq, gündəmə gətirmişik, səs salmışıq, amma dəyişən heç nə yoxdur. Çox təəssüf ki, yoxdur.
Azərbaycanda 2026-cı ilin idman paytaxtı olan Qazaxın şəhər stadionunun problemi bu il nəhayət, həllini tapmalıdır. Kimin məsuliyyətidir, kimin balansındadır, kim imkan verir, kim imkan vermir və digər bu kimi cavabsız suallar daha səslənməməlidir. İş görmək lazımdır. Bircə zəngə və bir tapşırığa bənd olan məsələdir. Qalır bunun üçün təşəbbüs göstərmək, lap sadə dildə desək, bunu istəmək..."
Geri qayıt |