Əsas Səhifə > Manşet / Ölkə > ”Siyəzənneft”də dövlət maraqlarını KİM(LƏR) SABOTAJ EDİR?

”Siyəzənneft”də dövlət maraqlarını KİM(LƏR) SABOTAJ EDİR?


14-03-2026, 08:07

"İdarədə optimallaşdırma adı altında hansısa əməliyyat aparmadan quyuların ləğv edilməsi barədə absurd qərarlar verilməsi, bununla da idarənin tənəzzülə doğru aparılması barədə DTX-nə məktub yazmadan öncə burda bəzi şeyləri xatırladmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bu sözlər SOCAR "Siyəzənneft" NQÇİ-nin işçisi Zamiq Əliyevin müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Bildirirəm ki, SOCAR-ın struktur bölməsi olan Siyəzənneft NQÇİ-nin Hasilat şöbəsi tərəfindən son illər ərzində neft hasilatının davamlı şəkildə aşağı düşməsinə baxmayaraq, hasilatın bərpası və artırılması istiqamətində hər hansı real, effektiv və sistemli tədbirlərin görülməməsi faktiki olaraq uzun müddətdir ki müşahidə olunur.
Məlum olduğu kimi, neft-qaz sektoru Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, strateji maliyyə dayanıqlığının və milli maraqlarının əsas sütunlarından biridir. Hasilatın süni və ya səhlənkarlıq nəticəsində azalması yalnız təsərrüfat subyekti səviyyəsində deyil, bütövlükdə dövlətin enerji təhlükəsizliyinə, büdcə gəlirlərinə və sosial öhdəliklərin icrasına birbaşa mənfi təsir göstərir.
Qeyd olunan şöbə tərəfindən hasilatın azalmasının səbəblərinin aradan qaldırılması üçün əsaslandırılmış texniki-iqtisadi tədbirlərin görülməməsi, quyuların səmərəliliyinin bərpası üzrə təkliflərin hazırlanıb icra olunmaması, strateji əhəmiyyətli istehsal göstəricilərinin bilərəkdən passiv idarə olunması idarənin maliyyə vəziyyətinin pisləşməsinə, dövlətə məxsus əmlaka və gəlirlərə ciddi zərərin vurulmasına xidmət edir.
Hasilat şöbəsinin diqqətinə çatdırım ki, bu hal dövlətə qarşı təxribat hesab olunur və Milli təhlükəsizlik haqqında” Qanununun 7 və 8-ci maddələrində təsbit olunmuş iqtisadi və enerji təhlükəsizliyi prinsiplərinə ziddir və buna görə məsuliyyətə cəlb olunma ehtimalınız yüksəkdir.
Hesab edirəm ki, hasilatın artımı üçün tədbir görməmək sadəcə idarəetmə nöqsanı deyil, dövlətin strateji enerji maraqlarına qarşı yönəlmiş potensial təhlükə və daxili iqtisadi sabotaj əlamətləri daşıyan hal kimi qiymətləndirilməlidir".

Geri qayıt