Əsas Səhifə > Manşet / Ölkə > "Bir günə tələbə necə hazırlaşsın?"
"Bir günə tələbə necə hazırlaşsın?"19-03-2026, 10:47 |
|
Naxçıvan Dövlət Universitetində tələbələrin təqaüd alma imkanlarını məhdudlaşdırmaq üçün imtahan qrafikinin qəsdən sıxlaşdırıldığı bildirilir. Tələbələrin “Gündəlik Naxçıvan”a dediklərinə görə, universitetdə imtahanlar çox qısa fasilələrlə təşkil olunur və bu, onların növbəti imtahana hazırlaşmasını ciddi şəkildə çətinləşdirir.
Onların sözlərinə görə, bu səbəbdən yüksək bal toplamaq və təqaüd qazanmaq da xeyli çətinləşir.
Tələbələrdən S. Aktürk deyir ki, imtahanlar arasında cəmi bir gün fasilə verilir:
“Digər universitetlərdə imtahanlar arasında ən azı 4–5 gün vaxt olur. Bizdə isə imtahanlar bir gün ara ilə keçirilir. Bir günə tələbə necə hazırlaşsın? Bu mümkün deyil. Belə qrafik tələbələrin normal şəkildə hazırlaşmasına imkan vermir və nəticədə yüksək bal toplamaq çətinləşir. Qəsdən belə edirlər ki, aşağı bal toplayaq, təqaüdə düşə bilməyək. Bir günə tələbə necə hazırlaşsın?”
Digər tələbə Əfqan Səfərov isə qiymətləndirmə və apelyasiya prosesindən narazılıq edir və bildirir ki, tələbələrin şikayətləri əksər hallarda nəticəsiz qalır:
“Zəif qiymət yazılan tələbələr apelyasiya şikayəti verir, baxan yoxdur. Universitetdə qaydalar formal olaraq mövcud olsa da, praktikada onlar işləmir. Aldatmaca ilə məşğul olurlar. Mən şəxsən burda oxuduğuma peşimanam.”
Tələbələr universitet rəhbərliyindən imtahan qrafikinin daha ədalətli şəkildə tərtib olunmasını və apelyasiya mexanizminin real işləməsini tələb edirlər.
Geri qayıt |