Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > "Qazıb getdilər, amma nə xətti düzəldirlər, nə də yolu bərpa edən var..."

"Qazıb getdilər, amma nə xətti düzəldirlər, nə də yolu bərpa edən var..."


25-03-2026, 10:51

Babək rayonunun Cəhri qəsəbəsində küçələr palçıq əlindən keçilməz vəziyyətə düşüb. Səbəb isə qar-yağış yox, içməli su borularından sızan sudur. Sakinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, Su İdarəsi aylar əvvəl qəsəbədə qazıntı işləri aparıb, küçələri qazaraq bu vəziyyətdə qoyub.
Qazılan yollar isə nə bərpa olunub, nə də təmir edilib.
Üstəlik, borulardakı sızıntılar vəziyyəti daha da ağırlaşdırıb və yolları tam palçıq içində qoyub.
Qəsəbə sakinlərindən B. Əliyev deyir ki, palçıq əlindən avtomobillər yollarda batıb qalır:
“Bir aydan çoxdur gəlib küçələri qazıblar. Guya su xəttində sızma var idi. Qazıb getdilər, amma nə xətti düzəldirlər, nə də yolu bərpa edən var. Hər tərəf palçıqdır, su basıb. Avtomobillər palçıqda batıb qalırlar. Bizim məhəllədən qəsəbənin mərkəzinə gedən 200 metrlik yolu indi dolanıb-dolanıb 2 kilometr getməli oluruq. Demək olar ki, bütün məhəllələr bu gündədir. Çala-çuxurdan, palçıqdan maşın sürmək mümkün deyil, maşının təkəri, amortizatoru dağılır. Artıq hər ay maşın ustasına pul verməkdən bezmişik.”
Sakinlərin sözlərinə görə, bu vəziyyət ən çox məktəbli uşaqları çətinə salır. Onlar deyirlər ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticəsi olmayıb:
“Yağış yağanda ümumiyyətlə küçələrdən keçmək olmur. Uşaqlar məktəbə gedib-gəlməkdə böyük əziyyət çəkir. Bəzən valideynlər uşaqları məktəbə göndərə bilmir. Çünki küçələr palçıq və su içində olur. Bu qədər böyük qəsəbədə belə vəziyyətin olması biabırçılıqdır. Su idarəsinə, icra hakimiyyətinə, Ali Məclisə dəfələrlə şikayətlər etsək də, cavab verən olmayıb.”

Geri qayıt