Əsas Səhifə > Manşet / Cəmiyyət > "Elə bil pul harasa yoxa çıxıb, işlər də yarımçıq qalıb"
"Elə bil pul harasa yoxa çıxıb, işlər də yarımçıq qalıb"27-03-2026, 11:15 |
|
Şərur şəhərinin mərkəzində küçələr işıqsız qaldığından gecələr vahiməli qaranlığa qərq olur. Bu səbəbdən sakinlər gecələr evdən çölə çıxmağa ehtiyat edirlər.
Şəhərin bir çox küçəsində işıq dirəkləri qurulsa da, enerjiyə qənaət bəhanəsi ilə onlardan istifadə olunmur. Bu hal yol-nəqliyyat hadisələri, oğurluq və digər xoşagəlməz hallar üçün şərait yaradır.
Mərkəzi küçələrdən birində, ət bazarının yaxınlığında yaşayan Nazim Məmmədov deyir ki, bu problemlə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etsələr də, heç bir nəticə olmayıb:
“Yayda günlər uzun olur deyə problem o qədər hiss olunmur. Amma indi vəziyyət çox pisdir. Axşamlar hələ dükanlar açıq olanda bir az işıq olur. Saat 10-dan sonra isə hər yer zülmət qaranlıq olur. Küçəyə çıxmaq olmur. Küçə itləri də çoxalıb, uşaqla bayıra çıxmağa qorxursan. Oğurluq, başqa pis hadisələr üçün hər cür şərait var. Çox təhlükəlidir.
Yolları düzəldiblər, dirəklərin yerini də qoyublar, amma işıq qoymayıblar. Nə qədər şikayət etsək də baxan yoxdur. Deyirlər pul yoxdur. Amma yolu düzəldəndə pul var idi, indi necə oldu yoxdur? Elə bil pul harasa yoxa çıxıb, işlər də yarımçıq qalıb. Əziyyətini də biz çəkirik.”
Digər sakin isə bildirir ki, işıqlandırmanın olmaması ciddi təhlükə yaradır:
“Yarımçıq işlər şəhəri qaranlıqda qoyub. İndi hamı qaranlıqda, təhlükə içində yaşayır – həm sakinlər, həm sürücülər. Qəza da ola bilər, qarət də. İşıq yoxdursa, təhlükəsizlik də yoxdur.
Görünür, şəhər rəhbərliyi yolu düzəltməklə işi bitmiş sayır, amma insanların təhlükəsizliyi yaddan çıxıb. Bu, açıq-aydın yarımçıq iş və laqeydlikdir.”
Sakinlər ümid edir ki, məsələ ictimailəşəndən sonra aidiyyəti qurumlar bu vəziyyəti aradan qaldıracaq və küçələrdə işıqlandırma nəhayət qurulacaq.
"Gündəlik Naxçıvan"
Geri qayıt |