Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvanda sosial yardımı da VARLILAR ALIR...
Naxçıvanda sosial yardımı da VARLILAR ALIR...2-04-2026, 10:40 |
|
Naxçıvanda sosial yardım ehtiyacı olan ailələrə yox, məmur qohumlarına və ya rüşvət qarşılığında yardımı haqq etməyən şəxslərə verilir. Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup yardım ala bilməyən işsiz sakin məlumat verib. Onların sözlərinə görə, məşğulluqla bağlı müraciətlərdə də oxşar yanaşma tətbiq olunur.
Culfa rayon sakini Nadir Abbasov deyir ki, artıq on ilə yaxındır sosial vəziyyətlərinin ağır olmasına baxmayaraq, nə özü, nə də ailə üzvləri sosial yardım ala bilir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arxasında deputat, məmur olmayan, rüşvət verməyən aztəminatlı ailələr müraciət etdikdə, min cür bəhanə ilə rədd edirlər. Dəfələrlə müraciət etmişik. Gəlib baxış keçiriblər, vəziyyətimizin ağır olduğunu özləri də etiraf ediblər. Amma sonradan müxtəlif bəhanələrlə imtina verirlər.
Bir dəfə deyirlər torpaq sahən var, başqa dəfə deyirlər otbiçənin var. Halbuki torpaq sahəsindən istifadə edə bilmirəm, heç bir gəlir gətirmir. Otbiçən isə illər əvvəl olub, indi isə işləmir, pas atıb, dişləri belə yoxdur. Maraqlısı odur ki, mən özüm onun yerini bilmədiyim halda gəlib tapıb göstəriblər. Yaxşı ki, tapdılar, heç olmasa indi aparıb metal kimi sataram.”
Babək rayon sakini Nəcəfqulu Nəcəfov da oxşar problemlə üzləşdiyini bildirərək, işsizliklə bağlı etdiyi müraciətə formal səbəblərlə imtina verildiyindən şikayətlənib:
“Məşğulluq üçün müraciət etmişdim ki, heç olmasa bir işlə təmin olunum. Ya da təsərrüfatla məşğul olmaq üçün mal-qara versinlər. 6 aydır gözlətdikdən sonra dedilər ki, adına torpaq sahəsi var, ona görə verə bilmirik. O torpaq illərdir istifadəsiz qalıb, nə suyu var, nə də şəraiti.
Sadəcə kağız üzərində var deyə bizi həm işsiz, həm də yardımsız saxlayırlar. Tanıdığım imkanlı adamlar var ki, ailə üzvlərinin adından fərqli layihələr təqdim edərək dəfələrlə mal-qara, avadanlıq alıblar və sonra satıblar. Çünki onların məmur qohumları var və arxa-dayaq olur.”
Geri qayıt |