Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > AZƏRİQAZ-ın SMS DƏLƏDUZLUĞU: Bildiriş tam göndərilmir deyə...

AZƏRİQAZ-ın SMS DƏLƏDUZLUĞU: Bildiriş tam göndərilmir deyə...


2-04-2026, 10:46

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sahə üzrə eksperti "SOCAR "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçılara qarşı KOBUD QANUN POZUNTUSUNA YOL VERİLMƏSİNİ sübutlayan faktı açıqlayıb. "DİA-AZ" xəbər verir ki, bu barədə NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir..." xüsusi qeydi ilə təqdim olunan açıqlamanın mətnində deyilir:
"Artıq bir neçə aydır ki, Azəriqaz İstehsalat Birliyinin Bakı şəhəri və region rayonları üzrə qaz istismar idarələri tərəfindən sayğaclar oxunsa da, vətəndaşlara kağız daşıyıcı şəklində bildirişlərin təqdim edilməsi dayandırılıb.
Bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na da ziddir. Belə ki, qaydaların “Qazın dəyərinin ödənilməsi şərtləri” bölməsinin 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya təqdim etdiyi qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və növbəti ayın 10-dək bu barədə məlumatı (hesabı) istehlakçıya təqdim etməlidir.
Həmçinin, qaydalara əlavə edilmiş 4 nömrəli formaya əsasən, hesab sənədində istehlakçının soyadı, adı, atasının adı, abonent kodu, ünvanı, sayğac nömrəsi, əvvəlki və son göstəricilər, aylıq qaz sərfi, illik qaz limiti üzrə istifadə olunmuş hissə və digər mühüm məlumatlar əks olunmalıdır.
Lakin “Azəriqaz” İB tərəfindən bildirilir ki, kağız bildirişlər ləğv olunmuş, əvəzində vətəndaşlara SMS vasitəsilə məlumat ötürülür. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, dünya təcrübəsində SMS mətnləri texniki olaraq məhdud – təxminən 160 simvoldan ibarətdir. Nəticədə abonentlərə yalnız borc məbləği barədə qısa məlumat çatdırılır, qanunvericilikdə nəzərdə tutulmuş digər vacib göstəricilər – xüsusilə illik qaz limiti və sərfiyyat detalları barədə informasiya isə təqdim olunmur.
Bu isə vətəndaşların öz istehlakına nəzarət imkanlarını məhdudlaşdırır, şəffaflığı azaldır və nəticə etibarilə narazılıqlara səbəb olur. Hətta bəzi hallarda abonentlər qaz sayğaclarına əlavə yüklənmələr barədə vaxtında məlumat ala bilmədikləri üçün gözlənilməz borclanma ilə üzləşirlər.
Bütün bunları nəzərə alaraq, Azəriqaz İstehsalat Birliyi tərəfindən tətbiq edilən bu praktika istehlakçı hüquqlarına zidd olmaqla yanaşı, qüvvədə olan normativ tələblərin pozulması kimi qiymətləndirilməlidir. Problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir..."

Geri qayıt