Əsas Səhifə > Manşet / Ölkə > Xəstə uşağına görə zorla ərizə yazdırıb... İŞDƏN ÇIXARDILAR...

Xəstə uşağına görə zorla ərizə yazdırıb... İŞDƏN ÇIXARDILAR...


3-04-2026, 10:28

Lənkəran şəhər sakini Cəbrail Məmmədli Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hüseynovadan şikayətçidir. "DİA-AZ" xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, 10 noyabr 2022-ci il tarixindən etibarən adıçəkilən teatrda səhnə fəaliyyətçisi vəzifəsində çalışıb. Bildirir ki, 24 mart 2024-cü il tarixində övladı dünyaya gəlib.

Körpəsinə həkimlər tərəfindən sepsis diaqnozu qoyulub və təcili müalicəyə başlanılmasının vacibliyi bildirilib. Şikayətçi qeyd edir ki, həkim rəyini təqdim edərək övladının müalicəsi ilə məşğul olmaq üçün texniki heyətin rəhbəri Emin Fərzullayevdən işdən müvəqqəti icazə istəyib. Onun iddiasına görə, Emin Fərzullayev bu barədə qərar vermək səlahiyyətinin olmadığını bildirərək onu teatrın direktoru Laləzar Hüseynovaya yönləndirib.

Cəbrail Məmmədli iddia edir ki, direktor ona icazə verə bilməyəcəyini bildirərək “ərizəni yaz, işdən çıx” deyib. O, məcburiyyət qarşısında qalaraq ərizə yazıb və işindən ayrılıb. Şikayətçinin sözlərinə görə, bir müddət sonra yenidən teatra müraciət edərək işə bərpa olunmaq istədikdə, mühasibatlıqdan ona Laləzar xanımın göstərişi ilə işdən çıxan şəxslərin təkrar işə qəbul edilmədiyi bildirilib.

Vətəndaş əlavə edir ki, həm özü, həm də həyat yoldaşı Lənkəran Uşaq Evində valideyn himayəsindən məhrum olaraq böyüyüblər və bu gün də dövlətin dəstəyinə ümid bəsləyirlər.

O, övladının da eyni taleyi yaşamaması üçün "DİA-AZ" vasitəsilə dövlət başçısına və aidiyyəti qurumlara müraciət edir.

Cəbrail Məmmədli Lənkəran Rayon Dram Teatrının direktoru Laləzar Hüseynovanın hərəkətlərinə hüquqi qiymət verilməsini, məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsini və özünün yenidən işə bərpa olunmasına köməklik göstərilməsini xahiş edir...


Geri qayıt