Əsas Səhifə > Manşet / Ölkə > Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib?
Hüquqi statusu olmayan ELİZA SCHOOL Mədəniyyət Mərkəzinin binasına necə yerləşdirilib?Bu gün, 08:13 |
|
Mədəniyyət nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin binasında azyaşlı uşaqlar üçün bağça fəaliyyət göstərməsi və orada uşaqların yatması, yemək yeməsi ilə bağlı video və fotolar sosial şəbəkələrdə paylaşıldıqdan sonra binanın inzibati fəaliyyətinin qanunsuz olaraq dəyişməsi ilə bağlı məsələ ictimai qınağa səbəb olub.
Məsələ ilə bağlı Mədəniyyət nazirliyindən Yurd.mediaya verilən cavabda qeyd olunub ki, Qızıldaş Mədəniyyət Mərkəzində Eliza School tərəfindən müqavilə əsasında Erkən inkişaf kursu təşkil edilib.
Mövzu ilə əlaqədar Moderator.az saytına müraciət edən Qaradağ rayon sakini, vətən müharibəsi iştirakçısı Mənsur Həsənov iddia edir ki, Eliza School adında heç bir rəsmi kommersiya qurumu və ya rəsmi hüquqi şəxs yoxdur:
“Nazirlik mediaya məlumat verib ki, Eliza School tədris mərkəzi ilə Qızıldaş Mədəniyyət Mərkəzi arasında arasında müqavilə imzalanılıb.İqtisadiyyat nazirliyinin rəsmi taxes.gov.az saytına Eliza School adını daxil edib yoxlayandan sonra məlum oldu ki, o adda heç bir rəsmi kommersiya qurumu və ya rəsmi hüquqi şəxs yoxdur.Bu faktı hamı yoxlayıb görə bilər.”
Mənsur Həsənovun sözlərinə görə mədəniyyət nazirliyi tərəfindən Eliza School adı ilə təqdim olunan, rəsmi qeydiyyatı olmayaraq dövlət binasında kommersiya fəaliyyəti göstərən şəxslərə mərkəzdə direktor vəzifəsini icra edən Gülnar Abbasova tərəfindən şərait yaradılıb:
“Məhz Gülnar Abbasovanı rəhbərlikdə saxlamaq üçün mədəniyyət nazirliyi onun mərkəzdəki qanunsuz bağça fəaliyyətini görməzdən gəlir və vətəndaş şikayətlərinə baxılmır.Hüquqi stastusu və rəsmi qeydiyyatı olmayan qurumun dövlət binasında bağça təşkil etməsi oradakı körpə uşaqların həyatının təhlükəyə atılması deməkdir.Heç bir qida sertifikatı olmadan mərkəzin binasında bişirilən yeməklərin uşaqlara verilməsi, çarpayısı olmayan döşəmədə uşaqların yatırılması Azərbaycan qanunvericiliyinin kobud surətdə pozulmasıdır.Həmçinin Eliza Schoolun instaqram səhifəsində orada ödənişli kompyuter kurslarının və sınaq imtahanlarının keçirilməsi ilə bağlı foto və videolar paylaşılıb. Sual olunur ki, hüquqi qeydiyyatı olmayan şirkət dövlət binasında 7 ay necə kommersiya fəaliyyəti göstərə bilər? Təəssüf ki, bunlara yol verən Gülnar Abbasova hələ də, həmin mərkəzdə direktor vəzifəsini icra edir və mədəniyyət nazirliyi tərəfindən ona açıq şəkildə dəstək nümayiş olunur.2026-cı ilin yanvar ayından mədəniyyət nazirliyinə Gülnar xanımın qanunsuz fəaliyyəti ilə bağlı faktları təqdim etmişəm,amma müraciətlərimə cavab verilmir.Dövlət binasından qanunsuz istifadə ilə bağlı Hesablama Palatasına müraciət etdim.Mənə məktub gəldi ki, çatışmazlıqlar səbəbindən 6 martdan Qızıldaş Mədəniyyət Mərkəzindəki erkən inkişaf kursunun fəaliyyəti dayandırılıb.Quruma hansı çatışmazlıqların qeydə alınması ilə bağlı yenidən müraciət etdiyim zaman cavab göndərildi ki, məktubum 1 aprel tarixində mədəniyyət nazirliyinə göndərilib.Nazirlikdən isə heç bir cavab ala bilmirəm.Məncə məqsədləri şikayətçiləri yormaq və Gülnar Abbasovanı vəzifədə saxlamaqdır.”
Məsələ ilə bağlı adı çəkilən şəxsin və mədəniyyət nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt |