Əsas Səhifə > Manşet / Ölkə > AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə?
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə?Bu gün, 04:43 |
|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) az qala yarım əsr rəhbəri olmuş Səttar Mehbalıyev ötən il tarixə qovuşdu. AHİK-i özünün böyük biznes obyektinə çevirən Səttar Möhbalıyevdən edilən şikayətlərin sayı-hesabı yox idi, bütün bunlara baxmayaraq, o, özünü uzun illər qorudu. Lakin son nəticədə, bir günün içində vəzifəsini itirdi və böyük bir sistem qısa müddətdə başqa bir nəzarət altına keçdi. Çünki, dövlətin, xalqın olanı sonadək talamaq mümkün deyil. Bəs indi? Sona qədər izləyin! Qeyd edək ki, "Kurort" QSC-nin balansında – "Kurort Naftalan" sağlamlıq mərkəzi, Fizioterapiya mərkəzi – Buzovna Sanatoriyası, Günəşli Sanatoriyası (Nevroloji sanatoriya), Sanatoriya-Miras və digərləri fəaliyyət göstərir. “Buzovna” Fizioterapiya Mərkəzi Filialı - iddialar və daxili struktur İlkin olaraq “Buzovna” Fizioterapiya Mərkəzi Filialında baş verənlər daha diqqətçəkəndir ki, bu mərkəzdə baş verənlərlə bağlı çoxsaylı şikayətlər mövcuddur. Sosial şəbəkələrdə bu müalicə mərkəzlərində müalicə alan AHİK üzvlərinin yazdığı faktlar da diqqətçəkəndir və hər biri araşdırma mövzusu hesab olunmalıdır. Bu faktların bir hissəsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, bəziləri artıq cavablandırılıb. Belə ki, şikayətlərdə “Buzovna” Fizioterapiya Mərkəzi Filialı rəhbərliyin ciddi nəzarəti altında idarə olunur və bu mərkəzdə rəhbərlik bütün işçiləri nəzarətdə saxlamaqla ciddi tənbeh tədbirləri həyata keçirir. Haqqını tələb edən işçilər ən yaxşı halda sürətli şəkildə işdən çıxarılır. Mərkəz filialının rəhbəri ixtisasca ginekoloq olan Nüşabə Əlişovadır. Nüşabə xanım ixtisasca həkimdir və mərkəz filialının rəhbəri olmaqla yanaşı, 2015-ci ilin fevral ayından hal-hazıradək Azərbaycan Tibb Universitetinin 2-ci mamalıq-ginekologiya kafedrasında assistent vəzifəsində çalışır. 2014-cü ildən tibb üzrə fəlsəfə doktorudur. Nüşabə Əlişovanın maraqlı idarəetmə sisteminin olduğu qeyd olunur. Hər hansı bir məsələni dərhal "Kurort" QSC rəhbərliyinə yönəldir və özünü kənarda saxlamağa çalışır. Hansı ki, filialın baş həkimi məhz odur. Redaksiyaya daxil olan müraciətlərdə qeyd olunur ki, bu mərkəzdə çalışan həkimlər və texniki işçilər daim təzyiq altında saxlanılır. İşdən çıxarılmasını istədikləri şəxs barədə ən kiçik nöqsan məqsədli şəkildə şişirdilir, daxili nəzarət işə salınır və məcburi qaydada izahat yazdırılması ilə nəticələnir. Bundan sonra bu şəxs işdən çıxarılır. İddia olunur ki, mərkəzdəki bütün nəzarət sistemi bir neçə nəfərin əlində cəmləşib. Bu şəxslər əsasən - müalicə işi şöbəsinin müdiri Reyhanə Hüseynova, direktorun müavini - əsasən təsərrüfat işləri üzrə məsul şəxs - İsgəndər Həsənov, baş aşbaz - Sahil Əliyev və mühafizə rəisi hesab olunan (?) Rasim adlı şəxsdir. Vəzifə bölgüsü və qohumluq əlaqələri ilə bağlı iddialar... İlk öncə iddia olunur ki, "Buzovna" Fizioterapiya Mərkəzi filialında vəzifələr AHİK sədri Sahib Məmmədov, "Kurort" QSC-nin rəhbəri “kurort naziri” hesab edilən Çingiz Hacıyev və Buzovna Fizioterapiya Mərkəzi filialının rəhbəri Nüşabə Əlişova arasında bölüşdürülüb. İddialara görə, Mərkəzin idarə olunmasında bu şəxslərin adamı olmayan, onların əməllərinə şərik olmayan, "baş üstə" deməyən şəxslər ümumiyyətlə bu strukturda çalışa bilməz. Xüsusilə qeyd edək ki, son 1 ildə bir neçə şəxs haqqını tələb etdiyi üçün "Buzovna" Fizioterapiya Mərkəzi filialından işdən çıxarılıb və onların şikayətləri redaksiyaya daxil olmaqdadır. Qurban kimdir? - Onun adı "Kurort" QSC daxili nəzarət rəisi kimi qeyd olunur. "Buzovna" Fizioterapiya Mərkəzi filialına Rasim adlı şəxsi mühafizə rəisi göndərib. Rasimin filial direktoru Nüşabə Əlişovanın qohumu olduğu bildirilir. İddia olunur ki, Reyhanə Hüseynova ixtisasca həkim deyil (?) və onun adı sənədlərdə həkim olaraq qeyd olunur. Bu iddialara cavab vermək, faktı təsdiqləmək və ya inkar etmək halları artıq Reyhanə Hüseynovanın üzərinə düşür. Digər bir məsul vəzifəni isə baş aşbaz Sahil Əliyev tutur. İddia olunur ki, bu şəxs "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyevin yaxın adamıdır. Həmçinin sosial şəbəkələrdə də bu müəssisədə yeməklərin o qədər də keyfiyyətli olmadığı deyilir və bu faktlar da araşdırılmaya açıqdır. Əmək münasibətləri və işçilərlə davranış Daha bir ciddi məqam. Qeyd etdiyimiz kimi, "Buzovna" Fizioterapiya Mərkəzi Filialı "Kurort" QSC-nin nəzdində fəaliyyət göstərir. Digər sanatoriyalar da eyni qaydada. "Buzovna" Fizioterapiya Mərkəzi Filialında çalışan baş tibb qardaşı (Старший медбрат) Fuad Baxşıyevin filialda işçilərlə kobud rəftarı xüsusi diqqət çəkən faktlar kimi təqdim edilir. İddialara görə, Fuad Baxşıyev "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyevin dəstəyi ilə hərəkət edir. Qeyd olunur ki, Fuad Baxşıyev işçiləri müqavilədə göstərilən saatlardan əlavə işləməyə vadar edir və bunun qanuni olduğunu iddia edir. Qeyd edək ki, "Старший медбрат" işçilərə müqavilədən kənar saatlar işləmək məcburiyyəti qoymaq səlahiyyətinə malik deyil. Bu hal Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır və pozuntu kimi qiymətləndirilir. Həmçinin qeyd edək ki, onun əməllərindən əziyyət çəkən və işdən çıxarılan bir neçə şəxsin redaksiyaya rəsmi müraciəti araşdırılır, bu faktlar növbəti araşdırma yazılarında təqdim ediləcək. İşdən çıxarılmalarla bağlı iddialar... Mərkəz filialının baş həkimi Nüşabə Əlişovanın göstərişləri ilə işçilərin işdən çıxarıldığı və bu qərarların birbaşa "Kurort" QSC-nin rəhbəri Çingiz Hacıyev tərəfindən araşdırılmadan icra olunduğu iddia edilir. İddialara görə, Çingiz Hacıyev bəzi hallarda məlumatları geniş araşdırmadan qərar verir və işə ehtiyacı olan, ailəsində azyaşlı uşaqları olan şəxslər belə kimlərinsə təqdimatı, marağı ilə işdən uzaqlaşdırılır. Eyni zamanda bildirilir ki, işdən uzaqlaşdırılan şəxslər əsasən öz hüquqlarını tələb edən, əmək müqaviləsində göstərilən iş rejimi çərçivəsində işləmək istəyən şəxslərdir. Onlardan fərqli izahatlar alınır, hansısa formada sənədləşdirilir və işdən uzaqlaşdırılır. İşdən uzaqlaşdırılan şəxslərə isə məhz baş tibb qardaşı Fuad Baxşıyev tərəfindən olduqca hörmətsiz, kobud formada təsirlər edilir, filial müdiri Nüşabə Əlişova belə işdən çıxarılması planlaşdırılan işçini qəbul etmir, sözünü dinləmir. Bu əsl biabırçılıqdır. Çingiz Hacıyevə müraciət edən işçilərə isə “rəhbərliklə yola getmirsiniz” cavabı verildiyi və bunun nəticəsində onların işdən uzaqlaşdırıldığı qeyd olunur. Beləliklə, bu hallar “Buzovna” Fizioterapiya Mərkəzi Filialında baş verən ən kiçik nüanslardır. AHİK üzvlərinin və işçilərin hüquqlarını qorumalı olan AHİK sədri Sahib Məmmədovun isə öz nəzarətində olan müəssisələrdə baş verən bu kimi hallara münasibəti olduqca maraqlıdır. Bu kontekstdə əsas sual belə olmalıdır - Səttar Möhbalıyevlə yeni AHİK rəhbəri Sahib Məmmədovun fərqi nədən ibarətdir? Fərqdən söz düşmüşkən, maraq doğuran digər məqam - AHİK sədri Sahib Məmmədovun nəzarətində olan "Kurort" QSC-nin balansındakı dövlət müəssisələrində, sanatoriyalarında rəhbər vəzifələrdə çalışan qohumlarının olub-olmadığı ilə bağlıdır. Sahib Məmmədovun "Kurort" QSC-də, Bilgəh Kardioloji Sanatoriyasında yüksək vəzifələrdə qohumları varmı? P.S Ardı var... Məqalədə adı çəkilən şəxslərin mövqeyini dərc erməyə hazırıq. Bizimesr.az Geri qayıt |