Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR
Bu gün, 06:34
Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Habil Balakişiyev küçəsində yerləşən mübahisəli tikili ilə bağlı növbəti şikayət daxil olub. AzTimes.az saytına müraciət edən Pərviz Əsgərov bildirir ki, sözügedən ünvanda Dürdanə Musayevaya məxsus 9 sot torpaq sahəsində fərdi yaşayış evi üçün nəzərdə tutulan sənədlə dörd mərtəbəli bina inşa edilib. Onun sözlərinə görə, tikinti zamanı heç bir ara məsafəsi gözlənilməyib və binanın pəncərələri birbaşa onun həyətinə baxır. Bu isə ailənin şəxsi həyatına ciddi müdaxilə yaradır və uzun illərdir narahatlığa səbəb olur. Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı məhkəməyə müraciət edərək hüquqlarının bərpasını tələb edib. Lakin onun iddiasına görə, işə baxan məhkəmə instansiyalarında, o cümlədən Ali Məhkəmədə qərar qarşı tərəfin xeyrinə çıxarılıb. Bu, Pərviz Əsgərov tərəfindən ədalətsiz qərar kimi qiymətləndirilir. O iddia edir ki, məhkəmə prosesində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi rəylərdə binanın heç bir rəsmi sənədinin olmadığı göstərilsə də, bu faktlar nəzərə alınmayıb. Bundan əlavə, sakin bildirir ki, binadakı mənzillərin heç birinin çıxarışı yoxdur və kommunal xidmətlər də qanunsuz şəkildə təşkil olunub. Onun sözlərinə görə, işıq, qaz və su sayğacları ayrıca deyil, Dürdanə Musayevanın adına olan bir sayğac vasitəsilə bütün bina təmin edilir. Qurumların açıqlamasında bildirilir ki, tikintiyə icazə verilməyib, Ali məhkəmə isə bu qanunsuzluğa haqq qazandırır.