Əsas Səhifə > Üst manşet / Güney Press > AzəriQaz-da müəmmalı kadr siyasəti
AzəriQaz-da müəmmalı kadr siyasətiBu gün, 07:05 |
|
" "Azəriqaz" İstehsalat Birliyinin bəzi regional strukturlarında kadr siyasəti ilə bağlı ciddi suallar doğuran hallar müşahidə olunur. Qeyri-rəsmi məlumatlara əsasən, müəyyən şəxslərin göstərişləri ilə vəzifə təyinatları həyata keçirilir, yerdəyişmələr aparılır və əməkdaşlara dərəcələr verilir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində sözügedən qurumun işçisi Daşqın Abbasov qeyd edib.
O daha sonra bildirir: "Bu proseslərin şəffaflıq və bərabər imkan prinsiplərinə nə dərəcədə uyğun olduğu isə açıq qalır.
Digər tərəfdən, vətən uğrunda sağlamlığını və həyatını riskə atan müharibə veteranı iş yerinin dəyişdirilməsi ilə bağlı iki dəfə rəsmi qəbulda olmuş, müvafiq müraciətlər etmişdir. Lakin "Azəriqaz"ın kadrlar üzrə məsul şəxsi Xəqani Bəşirli tərəfindən verilən cavabda bildirilir ki, Birlik daxilində yerdəyişmələr yalnız elan edilmiş vakansiyalar üzrə müsabiqə yolu ilə həyata keçirilir və müraciət edən şəxsə SOCAR-ın rəsmi saytını izləmək tövsiyə olunur.
Formal baxımdan bu cavab mövcud prosedurlara istinad etsə də, praktikada fərqli yanaşmaların mövcudluğu barədə iddialar bu mexanizmin selektiv tətbiq edildiyi ehtimalını gücləndirir.
Bu vəziyyət aşağıdakı prinsipial sualı aktuallaşdırır:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilmiş tapşırıqlar, eləcə də “Veteranlar haqqında” qanunvericiliyin tələbləri niyə bütün dövlət və ya dövlətə məxsus qurumlarda eyni qaydada icra olunmur?
Əgər eyni qurum daxilində fərqli şəxslərə münasibətdə fərqli yanaşmalar tətbiq edilirsə, bu, hüquqi bərabərlik prinsipinin pozulması və qanunvericiliyin selektiv icrası kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, vətəndaşda belə bir qənaət formalaşır: rəsmi prosedurlar yalnız müəyyən kateqoriyalara tətbiq olunur, real qərarlar isə qeyri-rəsmi təsir mexanizmləri əsasında verilir.
Bu isə həm dövlət qurumlarına olan etimadı zədələyir, həm də hüquqi dövlət prinsiplərinə zidd bir praktikanın mövcudluğu barədə ciddi şübhələr yaradır..."
Geri qayıt |