Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Gəncə Cihazqayırma Zavodu ilə yeni alqı-satqı müqaviləsi bağlayıb.
İqtisadiyyat.az xəbər verir ki, müqavilədə su sayğaclarının (ön ödənişli və mexaniki) alınması nəzərdə tutulur.
Bu alqı-satqı müqaviləsinin dəyəri 2,1 milyon manat təşkil edir.
Bundan əlavə, qurum bu ilin yanvarında zavodla 44 min ədəd su sayğacı qutusunun satın alınması ilə bağlı yarım milyon manatlıq müqavilə bağlayıb. Ötən ilin oktyabrında isə su sayğaclarının (ön ödənişli və mexaniki) və abonent kartlarının satın alınması ilə bağlı zavodla qurum arasında 5,84 milyon manat dəyərində alqı-satqı müqaviləsi imzalanıb.
ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidməti də smart kart tipli su sayğaclarının (ön ödənişli və mexaniki), abonent kartlarının, plombların və sayğac qutularının satın alınması ilə bağlı zavodla əməkdaşlığı davam etdirir. Xidmətlə zavod arasında bu günlərdə bu istiqamətdə 900 min manat, cari ilin yanvar ayında isə 1,44 milyon manat dəyərində alqı-satqı müqaviləsi imzalanıb.