Rusiya imperiyasının mövcud olduğu illərdə yaşamış erməniəsilli rəssam İvan Ayvazovskinin Qarabağa nə aidiyyatı var? Ayvazovski Krımda anadan olub, orada da vəfat edib. Rusiya sülhməramlıları Qarabağa yerləşdikdən bir il sonra, yəni 2021-ci ildə işğal altındakı Xocalının ərazisində tələm-tələsik “Rusiya Şöhrət xiyabanı” yaratdılar və orada Azərbaycana aidiyyatı olmayan şəxslərin heykəllərini qoydular.
Rus hərbçiləri orada Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstlərini yerləşdirdilər. Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət vermişdi ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoysunlar? Bu Kremlin təxribatıydı, bununla Bakıya dolayı mesaj vermişdilər ki, bölgədən çıxmayacaqlar. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan və Azərbaycan hakimiyyəti və cəmiyyəti Xankəndini və ətrafını separatçılardan təmizləmək əzmini ortaya qoyduqdan sonra vəziyyət dəyişdi, bölgədə nə rus hərbçiləri, nə də onların büstləri qaldı, yerdə qalanlar da təmizlənmək üzrədir.
Buna baxmayaraq, Kremlin nəzarətindəki media və siyasətçilər İvan Ayvazovskinin büstünün götürülməsi ətrafında haray-həşir salıblar. Utanmazcasına, bunu “vandalizm” adlandırıblar. İcazəsiz heykəl qoyduqları bəs deyil, hələ bizə qarşı ittiham irəli sürürlər. Azərbaycana qarşı qara təbliğatın başında yenə rusiyalı deputat Konstantin Zatulin dayanıb, ümumi xora digərləri də qoşulub. Azərbaycan əleyhinə yayımladıqları xəbərlərdə Prezident İlham Əliyevin Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələrin həvalə olunması barədə imzaladığı fərmana da “ilişiblər”. Rusiyadakı şovinistlər bu fərmana da siyasi don geyindirməyə çalışıblar. Hər bir dövlətin öz dilini təkmillləşdirmək hüququ var. Rusiyanın imperiya siyasəti bunu qəbul etmək istəmir. İlham Əliyevin imzaladığı fərmana əsasən, nazirliyin vəzifələri sırasına müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək və Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliği işini həyata keçirmək daxil edilib. Önəmli olan Mədəniyyət Nazirliyinin imzalanan fərmanı yerinə yetirməsini təmin etməsidir. Hazırda rus şovinizmi ilə mübarizədəyik, geriyə yol yoxdur, Azərbaycan dilinin ölkə ərazisinin hər yerində tətbiqinə nail olmalıyıq!
Elxan Şahinoğlu - "DİA-AZ"