İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Zəngəzur dəhlizi İranın təhlükəsizliyini pozmaq üçün ABŞ və İsrail tərəfindən hazırlanmış geosiyasi sxemdir.
Tasnim agentliyinin xəbərinə görə, Tehranda şeyx Səfiəddin Ərdəbillinin xatirəsinə həsr olunmuş mərasimdə çıxış edən Vilayəti “Azərbaycan Respublikası və təklif olunan Zəngəzur dəhlizi ilə bağlı geosiyasi problemlərə” toxunub.
O bildirib ki, İranın düşmənləri – xüsusilə də “qlobal sionist düşərgə” və ABŞ – uzun müddətdir İranın tarixi birliyindən və regionda dərin mədəni bağlarından narahatdırlar.
“Bu qüvvələr ölkənin milli təhlükəsizliyinə zərər vurmaq üçün İran kimliyinin əsaslarını zəiflətməyə çalışırlar”, – deyə o vurğulayıb.
Vilayəti əlavə edib ki, Zəngəzur dəhlizi kimi layihələr daha irimiqyaslı geosiyasi planların ört-basdır etmək üçündür.
Onun fikrincə, əsas məqsəd müqavimət oxunu zəiflətmək, İranın Qafqazla əlaqəsini qırmaq və regionun cənubunda həm İran, həm də Rusiya üçün blokada yaratmaqdır.
Ölkənin ali liderinin müşavirinin sözlərinə görə, bu layihə “həm ABŞ-ın diqqəti Ukraynadan Qafqaza yönəltmək strategiyasının bir hissəsidir, həm də NATO və bəzi pantürkist hərəkatlar tərəfindən dəstəklənir”.
Bununla belə, Vilayəti qeyd edib ki, “İran lap əvvəldən bu addımlara qarşı açıq və qətiyyətli mövqe tutub, hətta tərəfləri bu addımdan çəkindirmək məqsədilə sərhədlərə qoşun yığıb, milli təhlükəsizliyin ölkənin qırmızı xətti olduğunu göstərmək üçün təlimlər keçirib. “Aktiv qabaqlayıcı siyasət passiv reaksiya siyasət” deyil – bu, İran İslam Respublikasının seçdiyi ağıllı strategiyadır”.
Xatırladaq ki, bundan əvvəl ABŞ Azərbaycanı və onun eksklavı olan Naxçıvan Muxtar Respublikasını birləşdirən Ermənistan ərazisini 100 il müddətinə icarəyə götürməyə hazır olduğunu bəyan etmişdi.
Bəs, Vilayətinin bu çıxışının arxasında nə dayanır? Ayətullah Xameneinin baş müşaviri niyə birdən-birə belə sərt danışmağa başlayıb? Ümumiyyətlə, o, Ermənistan ərazisinin cəmi 42 kilometrlik hissəsində, Araz çayının şimal sahilində yerləşən bu dəhlizlə bağlı İran və Rusiyanın blokadasından necə danışa bilər?
Görünür, İranın keçmiş xarici işlər naziri Vilayəti elementar coğrafiyanı unudub. Axı İranın cənubdakı Fars körfəzi və Ərəb dənizi vasitəsilə dünya okeanına birbaşa çıxışı var. Dünyanın ən böyük ölkəsi olan Rusiyanın geniş dəniz imkanları barədə isə danışmağa dəyməz.
Bundan əlavə, Vilayətinin “qırmızı xətlər” və şimal sərhədindəki hərbi təlimlərlə bağlı bəyanatı nə deməkdir? Bu, Azərbaycanın mümkün hücumla bağlı işarədir?
“Ukrayna Gələcək İnstitutu” analitik mərkəzinin beynəlxalq siyasət və Yaxın Şərq üzrə eksperti İliya Kusa bu məsələlərlə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.
Onun fikrincə, bu bəyanatları mütləq mənada qəbul etmək lazım deyil. “Onlar bir neçə amillə bağlıdır. Ən birincisi, Azərbaycanla İsrail arasında artan əməkdaşlıqdır ki, bu da İranı ciddi şəkildə narahat edir. İran hesab edir ki, onun əsas düşməni olan İsraillə dostluq edən Azərbaycan İsrailin potensial müttəfiqi və müvafiq olaraq İranın potensial düşməni kimi qəbul olunmalıdır. Deməli, regiondakı bütün Azərbaycan layihələri avtomatik olaraq İsrailə və onun müttəfiqi olan ABŞ-a sərfəlidir.
Məncə, ikinci amil isə İranın xarici siyasətə tarixi olaraq paranoik yanaşmasıdır. İran hesab edir ki, düşmənləri onu geosiyasi baxımdan mühasirəyə almağa çalışırlar. Birincisi, bu ABŞ-ın İrana qonşu olan ərazilərdəki hərbi mövcudluğu ilə bağlıdır. İkincisi, İran düşünür ki, onu əsas regional logistikadan ayırmağa cəhd edirlər – xüsusən də Çin və Rusiya ilə əlaqələrini kəsmək istəyirlər. Ona görə də İran regionda onu məhdudlaşdıracaq və ya bu görüntünü yaradacaq layihələrin əleyhinədir. Söhbət konkret yollardan deyil, İranın “geosiyasi məkan hissindən” gedir. Və əgər bu məkanın məhdudlaşdırılması təəssüratı yaranarsa (məsələn, qonşuluqdakı ərazilərin beynəlxalq nəzarətə keçməsi və ya eksterritorial eksklavların yaradılması), o zaman İran bu layihələrin əleyhinə çıxacaq. Xüsusilə, əgər bu layihələr İsrail və ABŞ-ın maraqlarına cavab verirsə.
Üçüncü amil – İranın hazırda Hind okeanı vasitəsilə əsasən Rusiya və Çinlə ticarətini təmin edən logistikanı qorumaq zərurətidir. Hələlik dəniz yolu təhlükə altında deyil. Lakin İsraillə 12 günlük müharibə göstərdi ki, belə münaqişə təkrarlanarsa, Hörmüz boğazı bağlana və dəniz ticarəti iflic ola bilər. İran da öz enerji daşıyıcılarını ötürə bilməyəcək. Bu halda İranın yeganə çıxış yolu şimaldan – Qafqazdan Rusiyaya keçən yoldur. Ona görə də, İran Azərbaycanın irəli sürdüyü layihəni onun şimal məkanını məhdudlaşdırmaq və logistikanı pozmaq cəhdi kimi qəbul edir. Bu da onun “düşmənlər tərəfindən mühasirəyə alındığı” hissini daha da gücləndirir. Düşünürəm ki, İsraillə 12 günlük müharibə iranlıların mövqelərinə və onların ümumiyyətlə regiondakı məsələləri necə qəbul etmələrinə ciddi təsir göstərib”, – ekspert fikirlərini izah edib.
Bununla yanaşı, Kusa qeyd edib ki, İranın Azərbaycana hücum edəcəyini və ya bunu planlaşdırdığını gözləmir: “Birincisi, bu, çox radikal addım olardı. Və düşünmürəm ki, İranın buna resursu var. Zəngəzur dəhlizi gerçəkləşərsə, ən pis halda iki ölkə arasında münasibətlər pisləşə, qarşılıqlı iqtisadi sanksiyalar tətbiq oluna bilər. Ancaq silahlı qarşıdurma real deyil. Xüsusilə də, İranın İsraillə 12 günlük müharibədən sonra zəiflədiyini və Yaxın Şərqdəki “müqavimət oxu” üzərindəki nəzarəti itirdiyini nəzərə almaq lazımdır.
Sadaladıqlarımızı yekunlaşdırsaq, söyləyə bilərəm ki, İranın ritorikası onun ABŞ-İsrail qarşıdurmasından sonra xarici təhdidlərə daha kəskin reaksiya verməsi ilə bağlıdır. Ermənistan regionda İranla problemi olmayan və stabil münasibətləri olan azsaylı ölkələrdəndir. Azərbaycanla isə münasibətlərdə yüksəlişlər, enişlər olub. Son zamanlar İranı narahat edən əsas məsələ nə Zəngəzur dəhlizi, nə də konkret yol layihəsi deyil. Əsas səbəb Azərbaycanla İsrail arasında inkişaf edən əməkdaşlıqdır”, –Kusa qeyd edib.