Xəbər verdiyimiz kimi, Hindistan və Pakistan qüvvələrini münaqişədən əvvəlki mövqelərə çəkməklə bağlı razılığa gəliblər. Artıq tərəflər arasında gərginliyin səngidiyi və müharibə bəyanatların da azaldığının şahidi oluruq. Böyük savaş anonslarının verilməsinə baxmayaraq cəmi bir neçə gün davam edən münaqişənin beynəlxalq güclərə nə qazandırdığı isə maraq doğurur. Bəziləri bunun arxasında ABŞ-ın, bəziləri isə Çinin olduğunu iddia etdi.
Yekun olaraq sözügedən gərginlik nə ilə nəticələndi? Yaxın zamanda yenidən alovlanma ehtimalı varmı?
Globalinfo.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Hindistan və Pakistan arasındakı gərginlik müvəqqəti xarakter daşımır:
“Bu gərginliyin tarixi kökləri var. Hazırda dünyada milli, dini və irqi əsaslarla ziddiyyətlər mövcuddur. Hindistan və Pakistan arasındakı gərginlik də yüksək həddə çatıb. Son günlərdə müəyyən bir səngimə olsa da, bu, tərəflərin yaranmış vəziyyətlə barışdığını göstərmir. Böyük bir müharibə baş verməyincə, vəziyyətin tam olaraq sabitləşəcəyini gözləmək mümkün deyil. Hazırda Pakistan və Hindistan arasında mini müharibələr davam edir və dünya birliyi bu vəziyyətə artıq alışıb. Dünya miqyasında yaranan təlatümlü şərait tərəfləri şiddətli müharibədən çəkindirir, amma onlar çox dərinə getsələr, böyük bir fəlakətə səbəb olacaqlarını yaxşı bilirlər. Hər iki ölkənin silah-sursat və texnoloji imkanları yüksəkdir. Buna görə də risklərdən qaçmağa çalışırlar. Siyasi liderlər çevik diplomatiyaya üstünlük versələr, daha yaxşı olar”.
Tofiq Abbasov
Politoloqun sözlərinə görə, əsas günahkar Hindistandır:
“Hindistan rəhbərliyi vəziyyəti dramatikləşdirmək və şişirtmək üçün bəhanə axtarır. Aprel ayında baş verən terror hadisəsinin məsuliyyətini Pakistanın üzərinə atmağa çalışırlar. Lakin bu məsələnin kim tərəfindən həyata keçirildiyini anlamaq üçün uzunmüddətli araşdırmalar aparılmalıdır. Hindistanın tez bir zamanda hücuma başlaması, sanki bir bəhanə axtardığını göstərir.
Hindistan rəhbərliyinin islamofob yanaşmadan uzaqlaşması vacibdir, çünki bu, təhrikedici bir siyasi xəttdir. Hindistan ərazisində təxminən 300 milyon müsəlman yaşayır. Əgər ölkə daxilində vətəndaş müharibəsi baş verərsə, Pakistan anındaca məsələyə müdaxilə edəcək. Hindistan bu potensial təhlükəni nəzərə alaraq daha məsuliyyətli addımlar atmalıdır”.