“İran artıq İsrailə açıq şəkildə cavab verməyə başlayıb. Son günlər İranla İsrail arasında baş verən hadisələr, xüsusilə həyata keçirilən hücumlar bunu bir daha təsdiqləyir. Müşahidələrə əsasən, İran həm ballistik raketlərinin sayını artırıb, həm də ilk dəfə olaraq hipersonik raketlərdən istifadə etməyə başlayıb”.
Bunu Globalinfo.az-a politoloq Kazım Kazımov deyib
O bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemləri bu raket hücumlarının qarşısını tam şəkildə ala bilməyib:
“Bu isə göstərir ki, İranın istifadə etdiyi raketlər daha sürətli və güclüdür. Burada diqqətçəkən digər bir məqam odur ki, bölgədə yalnız İsrail deyil, ABŞ-ın da yaxınlıqdakı hərbi bazalarında hava hücumuna qarşı müdafiə sistemləri yerləşdirilib. Lakin bütün tədbirlərə baxmayaraq, İran son hücumlarda müəyyən uğurlar əldə edib. Lakin bu, yetərli deyil. Çünki digər tərəfdən İsrail də F-35 tipli müasir qırıcı təyyarələrlə İran ərazisini bombalayır, pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. Rəsmi Tehranın isə hava hücumlarına qarşı müdafiə sistemlərinin zəifliyi diqqətdən yayınmır. Bu da gözlənilən haldır, çünki onun istifadə etdiyi sistemlərin əksəriyyəti köhnə sovet istehsalı olan S-200 və modernləşdirilməmiş klassik zenit kompleksləridir. Bu tip sistemlər artıq bir çox ölkələrin arsenalından çıxarılıb”.
Politoloq qeyd edib ki, İranın gələcək addımları ilə bağlı bir neçə ehtimal üzərində dayanmaq olar:
1.Hava hücumlarının genişləndirilməsi – İran daha böyük və genişmiqyaslı hücumlara cəhd göstərə bilər.
2.Sui-qəsd əməliyyatları – İran kəşfiyyat məlumatları əsasında fərdi hədəflərə qarşı sui-qəsd planları qura bilər. Xüsusilə də, İsrailin İranın ali hərbi rəhbərliyinə qarşı həyata keçirdiyi hücumlar bu tip cavabların gündəmə gəlməsinə səbəb olub.
3.Proksi qüvvələr vasitəsilə cavab – İran müxtəlif regionlarda özünə bağlı olan silahlı qruplar (Hizbullah, Husilər və s.) vasitəsilə dolayı yolla İsrailə qarşı addımlar ata bilər.
Bu cür ssenarilər bölgədə gərginliyin daha da artmasına səbəb ola bilər. Belə vəziyyət region üçün heç də arzuolunan deyil. Onsuz da Yaxın Şərq hazırda son dərəcə həssas bir mərhələdən keçir və bu tip toqquşmaların genişlənməsi təkcə tərəflərə deyil, bütövlükdə regiona çox ciddi, dağıdıcı nəticələr gətirə bilər”.