Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfərində Zəngəzur dəhlizi məsələsi də müzakirə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“İlham Əliyev və Nikol Paşinyan Ağ Evdə nəyi müzakirə edə bilər? Əlbəttə, qlobal istiləşmə ilə bağlı məsələləri yox. Görünür, ABŞ Prezidenti Donald Tramp Zəngəzur dəhlizinin açılıb-açılmayacağı ilə bağlı Azərbaycan və Ermənistan liderlərinin fikrini öyrənəcək”, - məlumatda deyilir.
Ermənistan nəşri yazıb ki, Azərbaycan Prezidentinin fikri bəllidir: dəhliz açılmalıdır, o, bunu çoxdan tələb edir.
Ermənistan Baş nazirinə gəlincə, “Hraparak” qeyd edib ki, Azərbaycandan sonra ABŞ-nin israrlı tələbi ilə üz-üzə qalan Paşinyan üçün seçim imkanı yoxdur:
“Bir yerdə oturacaqlar, qərar verəcəklər, ardınca Nikolu ABŞ-nin özəl şirkətinin meneceri ilə tanış edəcəklər və deyəcəklər ki, bu şəxs dəhlizin Ermənistandan keçən hissəsinə nəzarət edəcək”.
Qəzet əlavə edib ki, ABŞ Zəngəzur dəhlizinə 100 il nəzarət etməyi planlaşdırır və Ermənistan rəhbəri də bununla razıdır.
Xatırladaq ki, bundan əvvəl KİV-də Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də ABŞ-də Donald Trampla görüşəcəkləri barədə məlumat yayılıb. Görüşdən sonra İlham Əliyev və Nikol Paşinyan arasında sülh sazişinə dair niyyət məktubunun imzalanacağı iddia olunur.