Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün ictimaiyyətə müraciət edib. O, Vaşinqton görüşündən sonra yaranmış yeni şəraitdən bəhs edib.
Paşinyan qeyd edib ki, Qarabağ məsələsi həll olunmasaydı, sülh də mümkün olmazdı və erməni cəmiyyəti sülh şəraitində yaşamağa öyrəşməlidir.
Onun çıxışını şərh edən bəzi erməni ekspertlər düşünür ki, Ermənistandakı revanşistlər, Qarabağ klanına aid strukturlara qarşı addımlar atılacaq.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Nikol Paşinyan konkret olaraq sülh prosesinin önündəki manelərin aradan qaldırlması istiqamətində addımlar atır:
"Nikol Paşinyanın son, xüsusilə də Vaşinqton görüşündən sonra söylədiyi fikirləri onun tez bir zamanda sülh sazişinin imzalanmasını istədiyini nümayiş etdirir. Amma masada Azərbaycanın Ermənistan konstitusiyasının dəyişilməsi ilə bağlı konkret şərti var. Ermənistan bu şərti konkret olaraq yerinə yetirmək niyyətindədir. Müəyyən işçi qruplarının yaradılması, tapşırıqların verilməsi, konstitusiya məhkəməsinin, müəyyən kommunikasiyaların qurulması və digər məsələlər üzərində iş getdiyi artıq bəllidir. Nikol Paşinyanın bununla bağlı tapşırıqları konkret masa üzərindədir. Əvvəllər konstitusiya dəyişikliyi ilə bağlı Azərbaycanın tələbi qəbuledilməz şərt idisə, artıq 17 bəndlik sülh sazişinin paraflanmasından sonra Paşinyan məsələyə daha praqmatik yanaşma göstərir. Praqmatik düşüncənin sərgilənməsi eyni zamanda daxili auditoriya ilə bir çox məsələlərin müəyyən mənada əlaqələndirilməsi, bəzi hallarda daxili auditoriya tərəfindən həzm edilməsi nöqteyi-nəzərdən olduqca vacibdir. Paşinyanın son çıxışları da məhz bu kontekstdədir. Sanki Baş nazir parlament tribunasından və ya media üzərindən daxili auditoriyaya müraciət edərək sülh müqaviləsinə maneçilik törədən məsələlərlə bağlı çox vacib fikirlər irəli sürür. Nəticə etibarilə, Nikol Paşinyan bu fikirlərinin erməni cəmiyyətinə daha da geniş şəkildə təbliğ və təşviq olunması üçün sırf regionda sülh və təhlükəsizliyə xidmət edəcək, eyni zamanda Ermənistan cəmiyyətinin inkişafına səbəb olacaq bir şəkildə aşılanmasında maraqlıdır. Faktiki olaraq Paşinyan mümkün manelərin aradan qaldırılması üçün addımlar atır. Bu addımlar özünü siyasi müstəvidə göstərməkdədir. Eyni zamanda hüquqi cəhətdən biz müəyyən yeniliklərin şahidi olmaqdayıq. Onu da görürük ki, Paşinyana qarşı sərt addım atan revanşistlər, Qarabağ klanı, kilsəyə qarşı hüquq mühafizə orqanlarının addımları fiaskoya uğrayır. Düzdür, hələ bu son deyil, çəkişmələr davam edəcək. Anti-Azərbaycan ritorikasının güclü olduğunu görən Paşinyan təbii ki, maksimum bu ritorikanın zəifləməsinə çalışmalıdır. Sülh sazişi paraflanamadan öncə Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqlar arasında qarşılıqlı etimad quruculuğunun vacibliyi ilə bağlı fikirlər səsləndirmişdi. Ermənistan cəmiyyətində zəruri etimad quruculuğu işlərini başlamaq lazımdır. Çünki anti-Azərbaycan ritorikasından çıxış edən qüvvələr kifayət qədər fəal şəkildə prosesə müdaxilə edirlər.Buna görə də Paşinayana qarşı siyasi təzyiq elementlərindən istiafdə edilərlər. Əgər erməni cəmiyyəti Paşinyanın bu səpkidə olan fikirlərinə müsbət yanaşıb, sülh prosesini sürətləndirəcək siyasət və hərəkətlərə yol verələrsə,nəticə etibarilə bu eyni zamanda etimad quruculuğuna keçən bir prosesdir. Bu səbəbdən paraflanmış sülh sazişinin bəndlərindən biri də bu istiqamətlə bağlıdır".
Parlamentari vurğulayıb ki, Qarabağ klanına məxsus təşkilat və qurumlar sülh prosesinin önündəki ən böyük əngəllərdəndir:
"Təbii, bu da ən böyük manelərdəndir. Qarabağ klanın əsas ruporu olan informasiya, ideoloji, siyasi təsir rıçaqlarına malik həmin təsisatların ləğv edilməsi, qondarma rejimə məxsus institutların, təşkilatların fəaliyyətlərinə xitam verilməsi olduqca vacibdir. Bu gün həmin strukturlar faktiki olaraq Ermənistan hökuməti tərəfindən maliyyələşdirilir. Bütövlükdə onların fəaliyyət göstərməsi ondan xəbər verir ki, real olaraq, hüquqi müstəvidə onların fəaliyyətinə hələ də xitam verilməyib. Hesab edirəm ki, növbəti addım kimi Nikol Paşinyan məhz bu elementə diqqət yetirəcək və həmin qurum və təşkilatların fəaliyyətlərinin dayandırılması istiqamətində ciddi addımlar atacaq. Ən azından ona görə ki, həmin strukturların fəaliyyəti Nikol Paşinyanın özünün əleyhinə təşkil olunmaqdadır. Ona təzyiq və təsir etməklə sülh prosesini əngəlləmiş olurlar. Eyni zamanda Paşinyanın siyasi hakimiyyətini təhlükə altında qoyurlar. Çünki bu revanşist qüvvələr istənilən halda tək xarici auditoriyadan dəstəklənmir, eyni zamanda xaricdən də maddi olaraq dəstəklənirlər".
A.Allahverənov Qarabağ klanına məxsus hərbi klanların da ləğv edilməli olduğunu qeyd edib:
"Yeri gəlmişkən VOMA, Yerkrapa kimi qeyri-formal müəyyən hərbi birləşmələr də mövcuddur. Bunlar da eyni zamanda çox ciddi təhlükə yarada biləcək strukturlardır. VOMA və Yerkrapa 44 günlük müharibədə çox fəal iştirak edən hərbçilərdən təşkil olunmuş hərbi birləşmələrdir. Bunlar da Qarabağ klanına bağlı olan strukturlardır. Düşünürəm ki, Nikol Paşinyan bu müstəvidə də, onların fəaliyyətinə xitam verilməsində maraqlı olacaq. Çünki bir medalın iki üzü olduğu kimi Qarabağ klanı da medalın bir üzü həmin hərbi birləşmələr də digər üzüdür. Buna görə də medalın hər iki üzü ilə bağlı addımların atılması çox vacibdir. Xüsusilə də sülh sazişinin imzalanamsı ərəfəsində o prosesə maneçilik törədən bütün strukturlar bu və ya digər formada siyasi meydandan kənarlaşdırılıb, uzaqlaşdırılmalıdır. Daha radikal siyasət yeridənlər də həbs edilməlidir. Düşünürəm ki, sülh danışıqları prosesində uğurun əldə olunması bu baxımdan Nikol Paşinyanın mövqelərini bir qədər də gücləndirəcək".