
Rusiya Prezidentinin Administrasiyasının Ermənistanda parlament seçkilərinədək rusiyapərəst siyasətçiləri (“beşinci kolon”) və informasiya siyasətini gücləndirmək qərarı barədə ötən saylarımızın birində məlumat vermişdik. Bu sahə ilə məşğul olmaq Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya və ona tabe olan idarələrin əməkdaşlarına həvalə edilib.
Təəssüf ki, Azərbaycanda hələ də dövlətin və xalqın mənafeyinə zidd, düşünülməmiş addımlar atan insanlar var. Söhbət İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovdan gedir. Bəllidir ki, 9 may günü rayonun kəndlərindən birində SSRİ-nin bayrağı qaldırılıb, tədbir iştirakçılarının sinələrinə Rusiya imperiyasının hərbi şöhrətinin simvolu olan “Georgi lenti” taxıblar.
Bundan sonra Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sıralarından çıxarılıb. Bu addım, əvvəla, Bakının öz suverenliyi və müstəqilliyi kimi mühüm məsələlərə nə qədər ciddi yanaşdığını, “zəhərli və zərərli imperiya” toxumlarını ölkəmizdə səpməyə imkan verməyəcəyini təsdiq etdi.
Bəs Rusiyanın “5-ci kolon”ları yenidən dirçəltmək qərarı uğur qazana bilərmi?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, “beşinci kolon”a xidmət edənlər Azərbaycanın milli maraqlarını tapdalayan satqınlardır: “Bu adamlar millətinə, dövlətinə, vətəninə ürəkdən xidmət edə bilməzlər. Biz belələrini mümkün qədər məsul vəzifələrdən uzaqlaşdırmalıyıq. Bunlar birbaşa Moskvadan idarə olunurlar, ali məqsədləri isə Azərbaycan cəmiyyətində pozuculuqla məşğul olub dövlətçiliyimizə zərbə vurmaq, cəmiyyətdə qarşıdurma yaratmaqdır. Yüz illər uzunu Azərbaycanda minlərlə fitnə-fəsad törətmiş, torpaqlarımızı yağmalamış bir dövlətin quyruqlarının içərimizdə yer alması bizim milli mənəviyyatımıza, milli varlığımıza və milli bütövlüyümüzə ciddi bir təhdiddir. Bu təhdidə qarşı addımlar atılmasa, Rusiyanın "5-ci kolon"ları yenidən dirçəltməsinin yeni-yeni təsirləri, fəsadları ilə üz-üzə qala bilərik".
Siyasi şərhçi Əli Orucov bildirdi ki, Ermənistan bütün sahələrdə, eləcə də cəmiyyət olaraq da Rusiyanın nəzarəti altındadır: “Kremlin dayaqları güclü olduğundan Paşinyan iqtidarına istədiyi vaxt ciddi problemlər yarada bilir. Azərbaycanda isə tam fərqli mənzərədir. Bakının Moskva ilə asılılığı qopmaz dərəcədə deyil və Bakı müstəqil siyasi xətt yürütmək iqtidarındadır. Azərbaycan Rusiya ilə strateji müttəfiqdir, bu onun Kremllə əlaqələrini balanslaşdıra və qarşılıqlı maraqların təminini sistemli qurmağa imkan verir. Rusiya Azərbaycanla münasibətlərinin korlanmasının hansı nəticələrə gətirəcəyini də hesablaya bilir. Ona görə də Bakı ilə birbaşa konfrontasiyadan qaçır, ancaq yumşaq təzyiq üsuluna əl atmaqla müəyyən şeylərə nail olmağa çalışır ki, bu da istədiyi nəticəni bir çox hallarda vermir”.
Ekspert hesab edir ki, Rusiyanın Azərbaycandakı “5-ci kolon”u daha təhlükəlidir. Çünki həmin insanlar konfulyaj olunaraq əsl simalarını gizlədirlər: “Doğrudur, sabiq Prezident Administrasiyası rəhbəri Mehdiyevin dövründə rusiyapərəstlər daha təşkilatlanmış və şəbəkələşmişdilər və bütün əhəmiyyətli, vacib dövlət və qeyri-dövlət strukturlarında möhkəmlənmişdilər. Türkiyə-Azərbaycan münasibətlərinin daha da dərinləşməsi, Rusiyanın Ukrayna bataqlığına ilişməsi və ölkədə aparılan kadr və struktur islahatları "5-ci kolon"u zəiflətdi. Əvvəlki gücdə və mövqedə olmasa da təlimatlar Moskvadan verildiyi anda yatmış və konfulyaj olunmuş hücrələrin hərəkətə gətirilmək imkanı saxlanılmaqdadır. İmişlidə qanlı SSRİ imperiya bayrağının ucaldılması, rus şovinizminin simvolu olan “Georgi lenti”nin insanların yaxalarına vurulması təsadüfi sayılmamalıdır və bu bir siqnaldır. Bu planlı və məqsədli şəkildə həyata keçirilmiş məkrli niyyətdən xəbər verən aktdır. Biz indi elə bir mərhələdə və elə bir dönəmdə yaşayırıq ki, vətəndaş olaraq da təxribatlara və çirkin niyyətlərə uyulmamalı, bu cür hallara qarşı çevik reaksiya verilməlidir. İmişlidə 9 mayda həyata keçirilən təxribatı sıradan bir vətəndaş etməyib. Həmin şəxslə bərabər indiyədək onun fəaliyyətini görməzdən gələrək nəyinsə naminə onu vəzifə pillələrinə daşıyanlar da eyni məsuliyyəti bölüşməlidir. Bu həm də Rusiyanın Azərbaycanda yetişdirdiyi “5-ci kolon”a görk olardı ki, hərəkətlərinə görə cəzasız qalmayacaqlar".
Ə.Orucov dedi ki, Kreml postsovet ölkələrində tərəfdarlarını və simpatizanlarını hərəkətə gətirmək üçün sistemli fəaliyyətə start verib: “Azərbaycanda, yumşaq və ehtiyatlı formada "5-ci kolon" vasitəsilə gerçəkləşdirilməsi istisna olunmur. Amma zənn etmirəm ki, Rusiyanın Azərbaycandakı “5-ci kolon”u hədəflərinə çata bilsin. Üstəlik də hüquq-mühafizə və xüsusi xidmət orqanları xarici və daxili təhlükəsizliklə bağlı üzərlərinə düşən vəzifələri qüsursuz icra edirlər. Bununla belə, hesab edirəm ki, nəinki Rusiyaya, hətta başqa xarici qüvvələrə xidmət edən və onların tapşırıqlarını yerinə yetirməyə hazır olan bütün “5-ci kolon”lar zamanında ifşa edilməli və zərərsizləşdirilməlidir".