Deputat keçmiş məcburi köçkünlərə öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsini istəyir.
Milli Məclisin dünən keçirilən iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, işğaldan azad olunan ərazilər yenidən qurulur və keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qaytarılır: “Bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət və öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər.
Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. İnanıram ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın, ev tikintisinin isə qanuni çərçivədə vətəndaşların özləri tərəfindən aparılmasına icazə versin.
Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”.
“Jurnalistlərə Hüquqi və Texniki Yardım” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist, əslən Qarabağdan olan Asəf Quliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu təklif ilk baxışda cəlbedici və maraqlı görünə bilər. Amma yumşaq desək, rasional təklif deyil:
- Hamı istəyər dədə-baba yurdunda məskunlaşsın. Amma burada diqqət edilməli olan praktik məsələlər var. Birincisi, məgər qayıdan insanların hamısının sosial-iqtisadi durumu bərabərdirmi ki, ev tikmək imkanı olsun?! Tutalım, dövlət kömək edəcək. 30 il müddətində kimsə pul qazanmaqla məşğul olub, varidat toplayıb. Digəri isə torpaq uğrunda hər şeyini qurban verib. Başçısı olmayan şəhid ailəsi var, qazi olanı, əlil olanı var. Onların da maddi imkanı olacaqmı fərdi ev tikməyə? İkincisi, köçkünlükdən əvvəl bir ailə tərkibində yaşayanların əksəriyyəti özü indi fərdi təsərrüfat, ailə başçısıdır. Bir atanın 5 övladı varsa. Ata mülkü 5 övladdan hansına verəcək ki, get o torpaqda ev tik? Burada ziddiyyət yarana bilər. 5 övladın hər birinin o torpaqda, ata mülkündə ev tikməsi mümkün olmayacaq. Mübahisə, narazılıq yaranacaq. Təklifi verən deputat dövlətin hansı şərtlərlə məskunlaşma həyata keçirdiyini bilməlidir. 30 il əvvəl məcburi köçkün olaraq dədə-baba yurdunu tərk etmək məcburiyyətində qalmış ailə üzvlərinə, əgər ayrı təsərrüfatdırlarsa, yəni evləniblər, öz ailələri, uşaqları varsa, dövlət onları ayrı-ayrılıqda evlə təmin edir.
A.Quliyev qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə aparılan tikintilər fərqli xarakter daşıyır. Kənd ərazilərində tikilən evlərlə şəhər yerində inşa edilən evlərin forması, quruluşu fərqlidir:
- Ağdamda 15 min həyət evi vardı. Məlumata görə, Ağdam şəhərində yaşayış binalarının tikintisi başa çatdıqdan sonra həyət evlərinin tikintisinə başlanacaq. Kimlərə veriləcək, necə veriləcək, dəqiq bilinmir. Amma dövlətin tətbiq etdiyi qayda belədir ki, məskunlaşma zamanı keçmiş köçkünlər qeydiyyatlarına görə evlə təmin olunurlar. Yəni Ağdam qeydiyyatı, Füzuli, Cəbrayıl, vaxtilə hansı kənddə qeydiyyatda olublarsa, onlara ev, mənzil verilir. Kiminsə Bakı, ya Gəncə qeydiyyatı var, amma dədə-babasının evi, mülkü olub, onlara verilməyəcək. Bu, dövlətin qoyduğu qaydadır. Müəyyən nüanslar var ki, mən də razı deyiləm, amma dövlət belə qayda qoyubsa, ona tabe olmaq vətəndaşlıq borcumuzdur. Bu qaydadan kənara çıxıldıqda elə nüanslar ortaya çıxa bilər ki, daha acı nəticələr verər. Kimsə bəyənməyə bilər hazırda tikilən evləri. Amma digər hallarda sosial bərabərsizliyin, ailə üzvləri arasında narazılıq yarana biləcəyini də nəzərə almalıyıq.