“Azərbaycanın suveren və balanslı xarici siyasət kursu isə Moskvanı ciddi narahat edir”.
Bunu Rusiyanın Cənubi Qafqazda prosesləri gərginləşdirmə cəhdlərinin mümkün nəticələrindən danışarkən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, Rusiya tarixən Cənubi Qafqazı özünün arxa bağçası sayıb və bu yanaşmadan indi də vaz keçmir:
“Baxmayaraq ki, iqtisadi və hərbi baxımdan zəifləyib, Kreml bu bölgədə nüfuzunun tam itməsi ilə barışmaq istəmir. Azərbaycanın suveren və balanslı xarici siyasət kursu isə Moskvanı ciddi narahat edir. Çünki Bakı artıq nə Moskvadan, nə də Qərbdən asılıdır, yəni yolunu özü müəyyən edir.
Ermənistanın da Qərbə meyllənməsi, baş nazir Nikol Paşinyanın Brüssel və Paris xəttinə üz tutması Rusiyanın bölgədəki dayaqlarını daha da sarsıdır. Belə olan halda, Moskva gərginliyi süni şəkildə alovlandırmaqla tərəfləri zəiflətməyə çalışa bilər.
Azərbaycan üçün əsas təhlükə odur ki, Rusiya bu ssenariləri erməni separatizmini yenidən aktivləşdirməklə gündəmə gətirə bilər. Lakin Bakı bu dəfə əvvəlkindən fərqli olaraq, həm hərbi, həm diplomatik baxımdan daha hazırlıqlıdır. Azərbaycanın Şərq və Qərb arasında oynadığı stabil körpü rolu onun qlobal dəyərini artırır və Rusiya üçün bu balans pozucu görünür. Amma Azərbaycan təkcə bölgə üçün yox, həm də Avrasiya üçün etibarlı tərəfdaşdır.
Rusiyanın Qafqaz siyasəti artıq köhnə metodlarla nəticə vermir. Ermənistanda da cəmiyyətin böyük hissəsi Rusiyanın təsirindən çıxmaq istəyindədir. Qazax kəndlərinin qaytarılması prosesi göstərdi ki, Azərbaycan siyasi iradə ilə nəticə əldə edə bilir. Gələcəkdə Rusiya bölgədə təxribatları artırsa da, proseslərin sonunda Cənubi Qafqazda Moskvanın nüfuz dairəsi daha da daralacaq. Çünki tarix artıq geri dönmür. Cənubi Qafqaz öz gələcəyini özü seçmək istəyir”.