“ELTA Development” QSC-nin 9.8 milyon manatlıq vergi borcuna baxmayaraq, tender müqavilələri imzalaması üzə çıxıb
“ELTA Development” QSC-nin külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin borcu 9.823.561,82 AZN təşkil edir.
Maraqlıdır ki, Vergi borcu olan bu şirkət bir neçə dövlət qurumu ilə müxtəlif təmir işlərinin satın alınması üzrə tender müqavilələri bağlayıb.
Həmin müqavilələr siyahısını təqdim edirik:
-
Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə 65.000 AZN məbləğində müxtəlif gücə malik elektrik mühərriklərinin əsaslı təmiri. İşlər 19.06.2025 tarixində başlayacaq.
-
Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsi ilə 280.000 AZN məbləğində Ağstafaçay Hİİ-nin Sağ Sahil magistral kanallarının yararsız hissələrində beton üzlüyünün əsaslı təmir işləri üçün müqavilə. İşlər 19.06.2025-də başlanacaq.
-
Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə 17.995 AZN-lik elektrik mühərriklərinin təmiri. Başlama tarixi 30.06.2025-dir.
-
Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə 60.000 AZN məbləğində müxtəlif gücə malik elektrik mühərriklərinin əsaslı təmiri işləri. İşlər 25.06.2025-də başlayacaq.
-
İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə 64.995,58 AZN-lik müxtəlif gücə malik elektrik mühərriklərinin və 2 ədəd SNS tipli nasosun təmiri üçün müqavilə. Başlama tarixi 17.06.2025-dir.
Şirkətin nizamnamə kapitalı 2.000 AZN-dir. Qanuni təmsilçisi Əsədulla Cəlilov Həsən oğludur.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.