ReAL Partiyasının sədri, tanınmış iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya müsahibəsində gündəmin aktual mövzuları, mövcud sosial-iqtisadi problemlər, onlardan çıxış yolları, hökumətin fəaliyyəti, perspektivdə Azərbaycanda ehtimal olunan iqtisadi mənzərə və s. barədə sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
Əvvəli bu linkdə (https://azpolitika.info/?p=801617)
- Natiq bəy, belə təəssürat yaranır ki, hökumət pulu iqtisadiyyatdan yığmaqla inflyasiyanı saxlamağa çalışır. Amma ölkənin investisiyaya ciddi ehtiyacı var, göstəricilər 2014-cü il səviyyəsindədir. İqtisadçı kimi bu mənzərəni necə təsvir edirsiniz, nə baş verir?
- Maliyyə naziri dəyişəndə, məlumatlı insanlar arasında fikir mübadiləsi oldu. Ad çəkmək doğru deyil, amma tanınmış insanlar arasında belə bir fikir yayıldı ki, yeni nazir dövlət büdcəsinə qənaət etməyə gəlib. Bu da qulağa xoş gəlir, çünki biz müxalif partiya və iqtisadçılar olaraq illərdir tənqid edirik ki, həddindən artıq israfçılıq var, büdcə xərcləri çoxdur, israfçılığın qarşısı alınmalıdır və s. İndi isə qulağa xoş gəlir ki, yeni nazir büdcə xərclərini azaldacaq və bu da Azərbaycan üçün xeyirli olacaq.
Amma fundamental problem ondadır ki, büdcə xərcləri üzərinə qurulmuş modeldə bunu edəndə sən bütün iqtisadiyyatda hərəkətliliyi iflic vəziyyətinə gətirirsən. Ümumiyyətlə, Amerika prezidentlərindən hansısa demişdi ki, “Amerikada iki vacib nazirlik var: Ədliyyə nazirliyii və maliyyə nazirliyi. Ədliyyə naziri deməlidir ki, qəbul etdiyimiz qərar hüquqa uyğundur, maliyyə naziri isə deməlidir ki, pul var, ya yoxdur”. Yəni bu, doğrudan da vacibdir. Amma qənaət Maliyyə Nazirliyinin yalnız funksiyalarından biridir. Əgər sən əsas funksiyanı qənaət elan edirsənsə və dövlət büdcəsində artıq qalan pulu depozitə yerləşdirirsənsə, bu, sənin əsas funksiyan deyil. Sənin əsas funksiyan iqtisadiyyatın canlanması, iqtisadiyyatda qan-damar sistemində maliyyə axınının təşkil olunmasıdır. Təəssüf, görünən odur ki, əsas hədəf qənaət götürülüb. Bu isə iqtisadiyyatda daralmalara səbəb olur.
- Beynəlxalq Valyuta Fondunun yarım illə bağlı hesabatında Azərbayan iqtisadiyyatının cəmi 0.9 faiz artdığı qeyd olunub...
- Bəli, bu ilin ilk yeddi ayında iqtisadiyyatın cəmi 0,9 faiz artması - Ümumi Daxili Məhsulun zəif böyüməsi həm də bunun nəticəsidir. Qənaət olunan vəsaitin, yəni büdcə pullarının qısamüddətli 4-5 böyük sistem bankına depozit qoyulması və oradan, tutalım ki, 50 milyon manat gəlir götürülməsinin Azərbaycana nə xeyri var?
- Maraqlıdır, nazirlik bu pulları banka qoyur, bəs bank kimlərə satıb qazanır?
- Qısamüddətli kreditlərdə, həftəlik və ya gündəlik hərraclarda istifadə edə bilirlər. Çünki bilirsiniz, repo hərracları da var və orada bu vəsaitlərdən istifadə edə bilirlər. Günlük və ya həftəlik borc verə bilirlər və aldıqları faizdən 1 faiz, bəzən 1,5 faiz artıq qazanırlar. Amma bunun da iqtisadiyyata real xeyri yoxdur. Niyə? Çünki mən bir çox dövlət və hökumət nümayəndələri ilə görüşdə də izah etməyə çalışmışam ki, Azərbaycana uzunmüddətli pullar lazımdır, qısa yox. Məsələn, yaxşı bir iş adamına 5 illik kredit verirsən ki, getsin zavod, fabrik, iş yeri açsın, istehsalı təşkil etsin. Buna uzun və ucuz pullar deyilir. Bizdə isə o uzun və ucuz pullar yoxdur. Bizdə qısa və baha pullar var. Bu da iqtisadiyyatın “qanını” çəkib sovurur, iqtisadiyyatı zəiflədir. Digər tərəfdən, məsələn, Vergilər Nazirliyinin sahibkarlarla davranışı ciddi suallar yaradır.
- Məşhur bir iş adamı video çəkib deyir ki, xırda bir məbləğə görə bütün bank hesablarına həbs qoyublar və o, heç bir maliyyə əməliyyatı edə bilmir. Siz qeyd etdiniz ki, köklü islahatlara ehtiyac var. Hazırda sahibkarlığın bu vəziyyətdə olmasında vergi sistemi nə dərəcədə rol oynayıb?
- Üç maneə var və onlardan biri də qanunvericilik bazasıdır. Məsələn, sizin çəkdiyiniz misalda vergi iş adamının hesablarını niyə dondura bilir? Vergilər Departamenti və ya İqtisadiyyat Nazirliyi qanuna əsasən belə bir səlahiyyət alıb. Halbuki, bu səlahiyyət məhkəməyə aid olmalıdır. Sən qanunla belə səlahiyyəti verirsənsə, bu da həmin qurumun kefindən asılı olaraq istədiyi kimi səlahiyyətindən istifadə etməsinə gətirir.
- İqtisadiyyat Nazirliyi ölkədə iqtisadi inkişafa cavabdehdir...
- Bəli, o cavabdehdir. Vergiləri toplayıb yalnız raport verməyə çalışır ki, keçən ilə nisbətən çoxdur. Bunun üçün də iş adamlarını boğmağa hazırdır. Amma problem ondadır ki, vergi qanunvericiliyi sıfırdan yazılmalıdır. Azərbaycanda vergi qanunvericiliyinə baxanda, 2016-cı ildən bu günə qədər - 9-10 il ərzində Vergi Məcəlləsinə 1000-dən çox əlavə və dəyişiklik edilib. Rəsmi saytlarda buna baxmaq mümkündür.
Mənim dəfələrlə rəsmi şəxslərlə görüşlərdə bir təklifim olub ki, Azərbaycanda Vergi Məcəlləsi maksimum 10 səhifə olmalıdır. Daha artığına ehtiyac yoxdur. Mən bir dəfə video da çəkmişdim, göstərmişdim ki, o qalın Vergi Məcəlləsi kitabını iş adamının başına vursan, ölər. Yəni bu qədər ağır, dolaşıq qanun kitabına ehtiyac yoxdur. Azərbaycanda 80-ci, 90-cı illərdəki təcrübəni deyil, Dubay vergi sisteminə bənzər sadə, anlaşılan və dövriyyəyə əsaslanan bir vergi sistemi tətbiq olunmalıdır.
- Gürcüstanda belə bir model var…
- Bəli, Gürcüstanda bir az fərqlidir, amma oxşarlıq da var. Orada da qəliz məqamlar var. Amma bu, kiçik və orta sahibkarlar üçün yaxşıdır. Məsələn, 500 min lariyə qədər dövriyyəsi olan sahibkar üçün cənnətdir, sadəcə 1 faiz vergi verir. Amma dövriyyə artdıqca sistem də təbii olaraq qəlizləşir. Mənim təklifim ondan ibarətdir ki, ölkə iqtisadiyyatı sahələrə bölünməlidir, təqribən 11–12 sahə. Hər sahənin dövriyyəsinə görə vergi olmalıdır, vəssalam. İstəyirsən fiziki şəxs ol, istəyirsən hüquqi şəxs – fərqi yoxdur, ancaq dövriyyədən asılı olaraq vergi tətbiq olunmalıdır.
Məsələn, istehsalçısansa, başımızın üstündə yerin var - 2 faiz. Amma sən xidmət sahəsindəsənsə, məsələn, restoran sahibisənsə, 15 faiz. Çünki mən restorana gedəndə bilirəm ki, 50 manat hesabım gələcəksə, üzərinə 15 faiz – yəni, 7 manat 50 qəpik də vergi gələcək. Əgər vergi vermək istəmirsənsə, restorana getmə. Gedirsənsə, vergisini də verməlisən. Yəni istehsaldan xidmətə qədər bütün sahələrdə sadəcə dövriyyəyə əsaslanan vergi sistemi tətbiq olunmalıdır.
- Bəs buna niyə hökumət getmir?
- Çünki ilk ildə doğrudan da vergi yığımları azala bilər. Bundan çəkinirlər. Çünki Prezidentə İqtisadiyyat Nazirliyi necə məruzə etsin ki, keçən il 8 milyard yığılmışdı, indi isə 5 milyard olub? Bunun səbəbini izah etmək üçün gərək iqtisadiyyatın anatomiyasını açıb ortaya qoyasan. Bu niyə lazımdır? Çünki üç ildən sonra sənin o yığdığın 8 milyard olacaq 15 milyard. İqtisadiyyatda canlanma yaranacaq.
Bir sözlə, dövlət balıq paylamamalıdır, tilov verməlidir ki, insanlar gedib öz balığını tutsun. Azərbaycan dövləti bu qədər sosial öhdəlik götürür və onun altında əzilir. Sonra da narazılıq yaranır, hamı dövlətdən sosial müavinət və ya hansısa yardım gözləyir. Dövlət də bunu edə bilmir. Büdcəmiz çox böyük deyil, idarəetmə isə zəifdir.
- Nə təklif edirsiz?
- Mənim fikrimcə, Gömrük Komitəsi ümumiyyətlə ayrıca qurum kimi ləğv edilməlidir. Çünki bu, ruslardan kopyalanmış bir modeldir. Nəyə lazımdır? Dünyanın çox az ölkəsində ayrıca gömrük orqanları var. Bizim ofis onların ofisi ilə yanaşıdır. Biz nahar fasilələrində onların əməkdaşları ilə tez-tez görüşürük. Orada çalışanlara sual verirəm ki, “Niyə hər birinizin hərbi rütbəsi var”. Çoxu bilmir. Amma səbəb odur ki, bu sistem ruslardan qalma bir sistemdir. Almanlardan ruslara, onlardan da bizə keçib. Nəyə lazımdır bu? Niyə hərbçi olmalıdır, niyə hərbi rütbəsi olmalıdır, niyə ayrıca dövlət qurumu olmalıdır? Gömrük Məcəlləsi və Vergi Məcəlləsi çox sadə, qısa və anlaşılan dildə yazılmalıdır. Vətəndaşın istənilən halda haqqını tələb edə biləcəyi bir sənədi olmalıdır. İstənilən halda haqlı olduğu vaxt o sənədi çıxarıb ortaya qoymalı və öz haqqını müdafiə edə bilməlidir. İndi isə siz ən yaxşı hüquqşünas və ən yaxşı mühasibi də tutsanız, Vergi Məcəlləsi o qədər dolaşıq vəziyyətdədir ki, onsuz da ilişdirəcəklər. Bir tərəfdə düz olsanız, başqa tərəfdə mütləq səhv çıxacaqsınız.
- Natiq bəy, sosial vəziyyətə dair dediniz ki, hökumət öhdəliklərini yerinə yetirə bilmir. 2024-cü ilin statistik məlumatına görə, əhalinin 13,2 faizi 270 manat, təxminən 27 faizə yaxını isə 400 manat civarında gəlir əldə edir. Bu mənzərə beş faizlik yoxsulluq göstəricisinə uyğun gəlirmi?
- Hökumətin “5 faizlik yoxsulluq həddi” rəqəmi artıq 10–12 ildir ki, dəyişməyib. 2005-ci ildən bu yana demək olar ki, eyni saxlanılıb. Bu isə göstərir ki, həmin rəqəm yumşaq desək, inandırıcı deyil. Çünki dinamik olmalıdır, ya aşağı enməlidir, ya yuxarı qalxmalıdır. İşsizlik rəqəmlərində olduğu kimi. Amma burada elə bil, hesablama qaydalarını özlərindən uydururlar, cədvəllərlə manipulyasiya edirlər. Əslində isə metodologiya məsələsi var. Bəzən deyirlər ki, “gündəlik 2 dollar xərclə” hesablayırlar. Amma konkret olaraq hansı sorğular əsasında, necə hesablama aparıldığı barədə ciddi açıqlama olmayıb. Ona görə də yoxsulluğu dəyərləndirmək üçün daha real göstəricilərə baxmaq lazımdır. Ən vacib göstəricilərdən biri median maaşdır. Hökumət bu rəqəmi açıqlamaq istəmir, çünki xoşuna gəlmir.
Median maaşa görə, əmək bazarında ortadan bir xətt çəkilir və işçilərin yarısı o məbləğdən az, yarısı isə çox qazanır. Azərbaycanda bu rəqəm hazırda 520 manat civarındadır. Yəni muzdla çalışanların yarısı 520 manatdan aşağı maaş alır. Bu da çox aşağı göstəricidir. Başqa bir yanaşma da var, məsələn, Türkiyədə dörd nəfərlik ailənin minimum xərcləri hesablanır. Həmin model Azərbaycanda tətbiq olunsa, yoxsul əhalinin sayı əslində yarıdan çox çıxar.
Digər vacib göstərici ərzaq xərclərinin payıdır. İqtisadi nəzəriyyədə deyilir ki, ailə büdcəsində ərzağa xərclənən pay yoxsulluğun göstəricisidir. Normal ölkələrdə bu, 15–20 faiz civarındadır. Amma Azərbaycanda bir insan ayda 100 manat xərcləyirsə, onun 55 manatı ərzağa gedirsə, bu, artıq yoxsulluq göstəricisidir.
- Bəs yaxın gələcəkdə əhalinin sosial durumu ilə bağlı gözləntiniz nədir, necə olacaq?
- Bizim hökumət yalnız “zənglər” olanda hərəkətə gəlir. Ümid edirəm ki, bizim bu müzakirəmiz də belə bir zəng ola bilər. Əgər idarəetmədən tutmuş məhkəmə hakimiyyətinə qədər köklü islahatlar aparılmasa, iqtisadiyyatda daralmalar davam edəcək. İqtisadiyyat elmdir, burada möcüzə yoxdur. Bu sistemdə istəsəniz beş Nobel mükafatçısı gətirin, heç nəyə nail ola bilməyəcəksiniz. Çünki problemin kökü sistemdədir - idarəetmədən tutmuş səlahiyyət və məsuliyyət bölgüsünə qədər. Azərbaycanda aşırı tənzimləmə sistemi iqtisadiyyatı boğur.
Məsələn, tikinti sahəsinə onlarla dövlət qurumu nəzarət edir. Amma buna baxmayaraq, “özbaşına tikililərin qarşısını almaq” adı ilə yenə yeni bir agentlik yaradılır. Fundamental problem də budur. Azərbaycan bəzi məsələlərdə Avropa Birliyinin yolunu kopyalayır. Təəssüf ki, bu, demokratiya və insan haqları sahəsində deyil, iqtisadiyyatda aşırı tənzimləmə sahəsindədir. Avropa bu səbəbdən Çinə və Amerikaya uduzur. Azərbaycanda da eyni yanaşma tətbiq olunur, yeni qurumlar, yeni icazələr, yeni məhdudiyyətlər… Bu isə iqtisadiyyatı boğur.
- Məsələn, Qida Təhlükəsizliyi Agentliyi...
- Bəli. Onun yaradılması sahibkarlar üçün böyük bəlaya çevrilib. Bu agentliyin məqsədi nədir? Keyfiyyətli qida təmin etməkmi? Məqsəd budursa, niyə belə ağır sistem qurulub? Azərbaycanda 26 min yeməkxana və restoran var. Əgər məqsəd hər gün onları yoxlamaqdırsa, bunun üçün 26 min nəfərlik ordun olmalıdır. Bu isə mümkün deyil. Deməli, bu qurumun yaranması absurddur. Əslində, dünyada keyfiyyətin ən güclü təminatçısı vətəndaşdır – rəqabət və vətəndaş nəzarəti. Əgər dövlət vətəndaşa siqnal versə ki, “sən nəzarətçisən və qarşılığında bonus qazanacaqsan”, onda hamı “revizora” çevrilər. Məsələn, vətəndaş mağazada vaxtı keçmiş məhsul tapsa, bunu bildirəndə ona kiçik maliyyə kompensasiyası verilsə, sahibkarlar heç vaxt keyfiyyətsiz mal satmaz. Dünyada buna görə güclü məhkəmə sistemi var. ABŞ-də bir qadın “McDonald’s”da zəhərləndiyi üçün 2,7 milyon dollar kompensasiya aldı. Azərbaycanda isə məhkəmə sistemi işləmir, ona görə də əlavə və mənasız agentliklər yaradılır.
ƏDV məsələsində də böyük problem var. Azərbaycanda dövriyyəsi 200 min manatı keçən hər bir sahibkar 18% ƏDV ödəməlidir. Bu isə kiçik biznesi boğur. Halbuki, Gürcüstanda bu hədd 1 milyon lariyə qədərdir və cəmi 1% vergi tətbiq olunur. Azərbaycanda bu həddi heç olmasa 1 milyona, hətta 5 milyona qaldırmaq lazımdır.
Qida Təhlükəsizliyi Agentliyi kimi qurumlar isə ləğv olunmalıdır. Orada işləyən bacarıqlı insanlar isə biznes qursunlar, öz biliklərini sahibkarlığa yönəltsinlər. Əslində bu, həm onlar üçün, həm də ölkə iqtisadiyyatı üçün daha faydalı olar. Azərbaycanda iqtisadiyyatın önünü açmaq üçün çoxlu agentliklərin, idarələrin ləgv edilməsi və sadə, şəffaf qaydaların tətbiqi lazımdır.
“AzPolitika.info”