2026-cı ilin I rübünün yekunlarına görə, Azərbaycanda fəaliyyət göstərən banklar arasında faiz gəlirləri üzrə ən yüksək göstərici “Kapital Bank”da qeydə alınıb.
Hesabat dövründə bankın faiz gəlirləri 308,667 milyon manat təşkil edib.İkinci sırada 295,084 milyon manat ilə “ABB” yer alıb. Üçüncü ən yüksək göstərici isə 144,104 milyon manat ilə “PAŞA Bank”a məxsus olub.
Sonrakı pillələrdə “Bank Respublika” (78,966 milyon manat), “Unibank” (69,578 milyon manat), “AccessBank” (69,456 milyon manat) və “Xalq Bank” (51,476 milyon manat) qərarlaşıb.
Məlumatlara əsasən, hesabat dövründə bank sektorunda faiz gəlirlərinin əsas hissəsi iri bankların payına düşüb.
Maraqlıdır, bankların faiz gəlirləri niyə bu qədər yüksəkdir?
İqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, Azərbaycanda bank faiz gəlirlərinin yüksək olmasının bir neçə əsas səbəbi var:
“Birincisi, Mərkəzi Bankın uçot dərəcəsi nisbətən yüksək səviyyədə saxlanılır ki, bu da kommersiya banklarının kredit faizlərini birbaşa şərtləndirir. İkincisi, iqtisadiyyatda kreditə olan tələb güclüdür. Həm istehlak kreditləri, həm də biznes kreditləri üzrə tələb çoxdur. Üçüncüsü, rəqabət mühiti hələ tam formalaşmayıb. Bu isə banklara faiz marjasını geniş saxlamağa imkan verir.
Kapital Bankın lider mövqeyi isə onun geniş pərakəndə şəbəkəsi və kredit portfelinin həcmi ilə izah olunur. Faizlərin azalması müəyyən şərtlər daxilində mümkündür. Əgər inflyasiya sabit şəkildə aşağı düşərsə, Mərkəzi Bank uçot dərəcəsini endirər və bu da kredit faizlərini aşağı çəkər.
Bundan əlavə, bank sektorunda rəqabətin güclənməsi, xüsusilə rəqəmsal bankların bazara daxil olması da faizlərə aşağı təzyiq göstərə bilər. Lakin qısa müddətdə kəskin düşüş gözləmək real deyil. Çünki Azərbaycan iqtisadiyyatında inflyasiya riskləri hələ tam aradan qalxmayıb.
Mərkəzi Bankın pul siyasəti bank faizlərinin formalaşmasında həlledici rol oynayır. Uçot dərəcəsi bazardakı bütün faizlər üçün istinad nöqtəsidir. Banklar bu dərəcədən aşağı faizlə kredit vermək üçün iqtisadi marağa malik olmurlar. Mərkəzi Bank həm də məcburi ehtiyat normaları və açıq bazar əməliyyatları vasitəsilə bankların likvidliyinə təsir göstərir”.
İqtisadçı qeyd edir ki, likvidlik azaldıqda banklar resurs cəlb etmək üçün depozit faizlərini artırırlar, bu isə öz növbəsində kredit faizlərinin də yüksəlməsinə gətirib çıxarır.









