"Mən sizə sosial problemimlə bağlı müraciət edirəm. Mən Abdullayev Tahir Tərlan oğlu, II dərəcəli Çernobıl (ÇAES) əliliyəm və 2015-ci ildən dövlət tərəfindən mənzillə təmin olunmaq üçün rəsmi növbədəyəm. Artıq 10 ilə yaxındır gözləməyimə baxmayaraq, bu günə qədər mənzil verilməyib". "DİA-AZ" xəbər verir ki, bu sözlər ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, qəbulda olmuşam, zənglər etmişəm, lakin konkret nəticə yoxdur. Hətta öz növbəmi belə sistem üzərindən görə bilmirəm.
Prezident Administrasiyasına da müraciət etmişəm, lakin məsələ həll olunmayıb. Hal-hazırda Ombudsmana da rəsmi şikayət etmişəm və reyestr arayışı gözləyirəm.
Bildirirəm ki, mən, həyat yoldaşım, oğlum, gəlinim və nəvəm olmaqla 5 nəfər bir ailəyik və hamımız Xəzər rayonu, Qala qəsəbəsi, Ə. Çavadov 1-ci küçə, ev 3 ünvanında qeydiyyatdayıq. Ailə sayımıza baxmayaraq, bizə yalnız 1 otaqlı mənzil təsdiq edildiyi bildirilib ki, bu da tamamilə uyğunsuz və ədalətsizdir. Mövcud qaydalara əsasən 5 nəfərlik ailəyə daha geniş (ən azı 3-4 otaqlı) mənzil düşməlidir.
Xahiş edirəm, bu məsələni araşdırıb ictimailəşdirəsiniz. Mənim kimi həssas kateqoriyaya aid şəxsin bu qədər uzun müddət gözləməsi, üstəlik ailə tərkibinə uyğun olmayan mənzil təklif olunması ciddi problemdir..."








