Vəfatından üç ay ötməsinə baxmayaraq, Xalq artisti Ənvər Həsənovun hələ də məzar daşı hazırlanmayıb.
Aktyorun qızı Aytən Həsənova Yenicag.az-a açıqlamasında atasının məzar daşının hazırlanmaması ilə bağlı sualımızı belə cavablandırdı:
“Atamın qəbir daşının hazırlanmaması məni bir övlad olaraq çox narahat edir. Özüm xəstə adamam, maddi imkanım yoxdur ki, atamın məzar daşını düzəltdirim. Qarşıdan da yubileyi gəlir, amma hələ də atamın məzar daşı hazır deyil. Atam ömrünü, həyatını sənətinə həsr edib, amma bu gün onun ruhuna olan biganəlik də məni üzür.
Ənvər Həsənov Azərbaycan kinosuna adını əbədi yazdıran böyük aktyorlarımızdandır. Onun məzar daşı o qədər də çox maddiyyat tələb etmir. Avqustun 17-si aktyorun 75 illik yublileyidir. Ümid edirik ki, əlaqədar qurumlar həmin vaxta qədər ömrünü milli kinoya fəda edən bir sənətkarın ruhuna hörmət edərək onun məzar daşının hazırlanması üçün addım atacaq. Çünki Ənvər Həsənov yalnız öz ailəsinə deyil, bütün Azərbaycana məxsus sənətkardır”.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində ailə qəbiristanlığında dəfn olunub.