Odur ki, dünən keçirilən su müşavirəsində ölkənin su təsərrüfatına rəhbərlik edən şəxsin - yəni cənab Mikayılovun söylədikləri ilə bağlı şübhəli məqamları təqdim edirik. ADSEA şefi çıxışında bildirib ki, hazırda Azərbaycanda əhalinin 72,5%-i fasiləsiz içməli su ilə təmin edilir.
Bu Agentliyə bəzi suallar var:
1) Ən son açıqlanan məlumata görə, sizdən içməli su alan 1,7 milyona yaxın əhali abonenti var. Halbuki ölkədə kommunal xidmətlərlə təchiz edilməli olan əhali abonentlərinin ümumi sayı 2,8 milyon vahidə yaxındır. Belə olduqda, mövcud su-kanalizasiya abonentlərinin (əhali) bütün potensial əhali abonenlərin 60%-ni təşkil edirsə, Azərbaycan üzrə fasiləsiz su təminatının 72,5% olması rəqəmi hansı hesablamanın nəticəsidir? Bu göstərici üçün baza rəqəmi hansıdır?
2) Niyə əhali abonentlərinizin bütün bölgələr üzrə sayı ictimai informasiya olduğu halda, həmin məlumat dövlət sirri kimi qorunur? Yalnız iri şəhərlər üzrə abonent sayı barədə məlumatları görmək olur.
3) Azərbaycanda içməli su təminatı olmayan nə qədər yaşayış məntəqəsi var və həmin məntəqələrdə nə qədər insan yaşayır?
4) Niyə içməli suya hədsiz ehtiyacı olan bəzi kəndlərdə (məsələn, mən bildiyim Beyləqanda 3 kənddə) 70-80 min manat xərc çəkilib vurulmuş artezian quyularının ağızı bağlı saxlanılır?
Hər halda, Zaur müəllim bu suallara cavab verməlidir. Vermirsə, nəzarət funksiyasını daşıyan qurumlar həmin suallara ADSEA sədrindən cavab almalıdır...








