Rusiyanın Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Serbiyanın hərbi sənayesi şirkətləri öz istehsal etdikləri sursatları vasitəçi ölkələrdən istifadə edərək Ukraynaya satır.
"DİA-AZ" Serbiya prezidenti Aleksandr Vuçiçin iddialara cavabını təqdim edir: “İddiaların bəziləri reallığa uyğun gəlmir. Məsələn, konkret olaraq Çexiya ilə Ukrayna arasında hansısa razılaşmadan danışırlar. Amma nə icazə verildi, nə də bir raket də göndərildi. Amma təəssüf ki, Serbiyaya hücumlar tez-tez baş verir, çünki ölkəmiz muxtar və müstəqil xarici siyasət yürüdür. Amma bir şeyi daha xatırlatmaq istərdim - bizim fabriklərimiz sağ qalmalı və işləməlidir. Təxminən 24 min insan müdafiə sənayesi sahəsində işləyir və onlar burdan çörək qazanırlar. Hazırda biz öz ordumuzu təchiz etmək üçün silah istehsal edirik".
Göründüyü kimi, Serbiya prezidenti ilk baxışdan Rusiya Xarici Kəşfiyyat Xidmətinin iddialarını təkzib etsə də, “bizim müdafiə sənaye kompleksimizdə 24 min insan işləyir və onlar ac qala bilməzlər” mənasına gələr fikirlər söyləməklə əslində iddiaları təsdiqləyir və bu transferlərə haqq qazandırır.
Qeyd edim ki, Rusiyanın Avropadakı ən sadiq dostu kimi Serbiyanın Ukraynanı silahla təchiz etməsi iddiaları yeni deyil. Hələ 2023-cü ildə Serb sursatlarının Ukraynaya mümkün tədarükü ilə bağlı Pentaqonun məxfi sənədləri mediaya sızmışdı. O zaman da Serbiya prezidenti Aleksandr Vuçiç bu məlumatı təkzib etmişdi.