Ukraynalılar nədənsə Rusiya strateji aviasiyasına qarşı keçirdikləri və 41 hərbi-strateji təyyarənin vurulması ilə nəticələnən əməliyyatı “Hörümçək toru” adlandırırlar. Məncə, onun adı “dilkəsdi əməliyyatı” olmalı idi.
Çünki bu əməliyyatdan sonra rəsmi Moskva sükuta qərq olub.
Rusiya prezidenti hələ də aviabazalara edilən hücumu şərh etməyib. Dünən Kremlin mətbuat xidməti Putinin Baykonur kosmodromunun 70-ci ildönümü münasibətilə təbrikini yayıb. Bu təbrik mesajında da nədənə son hadisələrin heç biri qeyd olunmayıb.
Rusiya Müdafiə Nazirliyi də hadisə ilə bağlı çox lakonik bəyanatla kifayətlənib və ukraynalıların “bir neçə hərbi texnikaya atəş açdığını” etiraf etməkdən uzağa getməyib.
“The Moscow Times”ın yazdığına görə, hətta Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mayın sonunda iki dəfə Kiyevi və Qərbi nüvə müharibəsi ilə hədələməsinə baxmayaraq, bu hadisədən sonra “dilini udub”. Halbuki, bu adam Kremlin ən çox dil otu yeyən məmuru kimi tanınırdı.
Dövlət Dumasının deputatları da susurlar.
Kiyevlə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də insidentlə bağlı açıqlama verməyib. Bazar günü axşam İstanbula enəndən qısa müddət sonra rus diplomat RİA Novosti agentliyinə onu deməklə kifayətlənib ki, "əsəbləri yaxşıdır".
Görünən budur ki, Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi məlum əməliyyatdan sonra Rusiyanın heyrətdən dili quruyub.
Heydər Oğuz - "DİA-AZ"