Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib ki, Kremlin 2022-ci il fevralın 28-də Ukraynaya təklif etdiyi sülh şərtləri indikindən xeyli yumşaq idi.
“Kiyev özü qərarlar versəydi, sülh müqaviləsi həmin il fevralın 28-də imzalanacaqdı”, – o qeyd edib.
Söhbət hansı “yumşaq təklif”dən gedir? Rusiyanın o vaxtkı təklifi nədən ibarət idi?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Rusiya 2022-ci ilə qədər Donbas və Luqanskın bəzi bölgələrini işğal etmişdi:
“Onlar bu ərazilərin, eləcə də Krımın Rusiya ərazisi kimi tanınması və rus dilinin Ukraynada ikinci rəsmi dil kimi qəbul edilməsi fikrindən çıxış edirdilər. Əgər həmin şərtlərlə hazırlanmış müqaviləyə Ukrayna razılıq versəydi, müharibə bu qədər davam etməzdi. “Yumşaq təklif” də elə məhz budur. Ancaq hansı dövlət başçısı belə bir müqaviləyə imza atardı? Volodimir Zelenski bu ərazilərin Rusiyaya verilməsinə razı ola bilməzdi. Bu günə qədər Rusiya Donbası tam şəkildə işğal edə bilməyib. Hazırda Luqansk, Zaporojye və Xerson vilayətlərinə iddialıdır və onların verilməsini tələb edir, lakin Ukrayna qəbul etmir”.
Elşad Həsənov
Politoloq xatırladıb ki, müharibə müddətində Rusiya bir milyondan artıq əsgər və zabitini itirib:
“Rusiya iqtisadiyyatı çökmüş vəziyyətdədir. Minlərlə xarici şirkət və müəssisə ölkəni tərk edib. Artıq 18-ci sanksiyalar paketi hazırlanıb və yaxın günlərdə qəbul olunması gözlənilir. Rusiyanın apardığı şovinist siyasət sonda onun çöküşünə və məhvinə səbəb olacaq. Parlament səviyyəsində də Prezident Vladimir Putinə qarşı kəskin fikirlər səsləndirilir.
Rusiya-Ukrayna müharibəsi Putinin istəyi ilə uzanacaq və getdikcə daha şiddətli xarakter alacaq. Qərb isə Ukraynaya böyük dəstək göstərəcək”.