Xəbər verdiyimiz kimi, Pakistanda baş verən kamikadze hücumu nəticəsində 16 əsgər ölüb. Həmçinin hərbçilər və mülki şəxslər arasında yaralananlar var. Hindistanla gərginlik fonunda belə bir terror aktının törədilməsi yeni hərbi toqquşma ehtimalını gündəmə gətirib.
Sözügedən hücumun arxasında hansı qüvvə dayanır? Terror hücumu regionda yeni hərbi gərginliyə və ya müharibəyə səbəb ola bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli deyib ki, Pakistanda radikal qruplaşmalar fəaliyyət göstərir və onlar birbaşa dövlətlə qarşıdurmadadır:
“Bu qrupların arxasında ABŞ, Hindistan və başqa maraqlı tərəflərin olması istisna deyil. Son hücum da bu fonda baş verib”.
Ekspert əlavə edib ki, hazırda Pakistanla Əfqanıstan arasındakı münasibətlər də gərgindir:
“Baxmayaraq ki, bu ölkələrin xalqları etnik və mədəni baxımdan çox yaxındır. Sovet-Əfqan müharibəsi zamanı Talibanın əsas dəstək bazaları Pakistanda yerləşirdi. Hər iki ölkədə puştunlar və digər ortaq etnik qruplar yaşayır. Amma indi Taliban hakimiyyəti ilə Pakistan dövləti arasında münasibətlər əvvəlki kimi deyil. Bu gərginliyin kökləri əsasən ABŞ–Əfqanıstan müharibəsindən qalan narazılıqlara dayanır. Pakistan o vaxt ABŞ-ın Əfqanıstanı işğalına dəstək verirdi. Həmin dövrdə ölkənin baş naziri Pərviz Müşərrəf idi. Artıq o, siyasətdə yoxdur, amma həmin dövrün mirası və gərginlikləri hələ də qalır. Bütün hallarda, Pakistana edilən hücumlar nə Azərbaycanın, nə də Türkiyənin maraqlarına uyğundur. Bu, ümumiyyətlə, müsəlman ümmətinin maraqlarına ziddir. Çünki Pakistan nüvə silahına sahib yeganə müsəlman ölkəsidir və Azərbaycanla, Türkiyə ilə yaxın əlaqələri var”.
Politoloq xatırladıb ki, bu yaxınlarda Hindistanla yaşanan hərbi qarşıdurmada Pakistan üstünlük əldə etdi:
“Pakistan hər zaman İslam dünyasının istər Fələstin, istər Qarabağ məsələlərində açıq və prinsipial mövqe sərgiləyib. Belə bir ölkənin terror hücumlarına məruz qalması, zəiflədilməsi heç bir müsəlman ölkəsinin xeyrinə deyil.
Ümid edirik ki, Türkiyə terrorla mübarizədə böyük təcrübəyə malik bir ölkə olaraq bu məsələdə Pakistana yenidən dəstək verəcək. Necə ki, Hindistanla qarşıdurmada silah və kəşfiyyat sahəsində dəstək göstərmişdi, eləcə də bu dəfə də lazımi yardımı əsirgəməyəcək.
Ehtimal ki, Pakistan dövləti Əfqanıstanla sərhəddəki təhlükəli qüvvələri ya hərbi, ya da diplomatik yollarla zərərsizləşdirə biləcək. Eyni zamanda, Talibanla münasibətlər də zamanla normallaşacaq və Əfqanıstandan Pakistana heç bir təhlükə gəlməyəcək”.