Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani İsrailin Dohada HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücuma cavab veriləcəyini bildirib. Bu barədə CNN-ə verdiyi müsahibədə danışıb.
Al Tani veriləcək cavabın bölgə tərəfdaşları ilə müzakirə olunacağını qeyd edib. O vurğulayıb ki, bu müzakirələr ətrafında yaxın gələcəkdə Dohada zirvə görüşünün keçirilməsi planlaşdırılır. Baş nazir görüşlə bağlı dəqiq tarix səsləndirməyib. Al Tani həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunu Yaxın Şərqi xaosa sürükləməkdə və Qətərin vaxtını boşa sərf etməkdə günahlandırıb, İsrailin səmimi şəkildə danışıqlar aparmadığını düşündüyünü ifadə edib. Baş nazir əlavə edib ki, İsrailin hava zərbəsi nəticəsində qətərli rəsmilər yaralanıb və onların vəziyyətləri kritikdir. Al - Tanin açıqlaması onu göstərir ki, İsrailin son davranışı Qətəri olduqca hiddətləndirib. Onun bu cür açıqlama ilə çıxış etməsi 2 səbəbə görə ola bilər. Birincisi, Qətər həqiqətəndə vasitəçilik missiyasına rəğmən İsrailin ona hücumuna qəzəblidir. Əgər bu variant özünü doğrultsa Qətər İsrailə cavab zərbəsi vura bilər. Ancaq burda ABŞ amili var. Qətəri idarə edən Al - Sani sülaləsi ABŞ prezidenti Donald Trampla olduqca yaxın münasibətlərə malikdir. Əgər buna rəğmən bu dövlət İsraillə qarşıdurma yolunu seçərsə bu Dohanın Vaşinqtonla münasibətlərinin pozulmasına səbəb ola bilər. Qətərin reaksiyasına digər səbəb isə İsraildən HƏMAS xeyrinə daha çox güzəştin əldə edilməsidir. Çünki rəsmi Təl - Əviv bu əməliyyatı hər nə qədər HƏMAS rəhbərliyinə qarşı keçirsə də bu faktiki Qətərin suverenliyinin pozulmasıdır. Rəsmi Dohanın bu məsələ qarşısında sakit qalması ölkə daxilində əmirə qarşı narazılığın yaranmasına səbəb ola bilər. Eyni zamanda Qətərin həm ərəb dünyasında gücünün azalması, həm də beynəlxalq nüfuzunun aşağı düşməsinə səbəb ola bilər. Buna görə də Qətərin İsrailə simvolik də olsa cavab verməsi ehtimalı böyükdür. Eyni zamanda, baş nazirin " Bölgə tərəfdaşları ilə müzakirə” və “Dohada zirvə görüşü” ifadələri göstərir ki, Qətər təkbaşına deyil, regional dəstəklə cavab verməyə çalışır. Bu, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya kimi ölkələrin də prosesə cəlb oluna biləcəyinə işarədir. Belə bir koalisiya Yaxın Şərqdə vəziyyətin ciddi şəkildə gərginləşəcəyi biləcəyini göstərir.
Zeynal Əmrəliyev - "DİA-AZ"